Bugun.Tv xəbər verir ki, Böyük Britaniyada itmiş pişiyini axtaran qadın süni intellekt vasitəsilə hazırlanmış saxta foto ilə aldadılmağa çalışılıb. Hadisə sosial şəbəkələrdə və internetdə heyvan axtaran insanları hədəf alan yeni dələduzluq üsuluna diqqət çəkib.
“BBC”nin məlumatına görə, Stefani Yanq adlı qadının Buddy adlı pişiyi itkin düşdükdən sonra naməlum şəxs onunla əlaqə saxlayaraq heyvanı tapdığını iddia edib. Həmin şəxs pişiyin fotosunu da göndərib. Lakin görüntünün süni intellektlə hazırlandığı müəyyənləşib.
Dələduz qadından 100 funt sterlinq dəyərində “Apple” hədiyyə kartı tələb edib. Pulun verilməyəcəyi təqdirdə pişiyə zərər yetirəcəyi ilə hədələyib.
Mütəxəssislər itmiş heyvanı tapdığını iddia edən şəxslərə əvvəlcədən pul və ya hədiyyə kartı göndərməməyi, foto və məlumatları yoxlamağı tövsiyə edirlər.
Hadisə süni intellektlə yaradılan saxta görüntülərin artıq gündəlik həyatda dələduzluq məqsədilə də istifadə olunduğunu göstərir.
Mənbə: BBC
