25 C
Baku
27 İyul 2024, 4:57
Mədəniyyət

“Kənar şəxslərin girişi qadağandır” – Yazıçı Bahəddin Həzi yazır…

Açığını deyim: hər dəfə üstündə “Kənar şəxslərin girişi qadağandır” yazılmış bir qapı qarşıma çıxanda birtəhər oluram.

Tam olaraq ifadə edə bilməyəcəm yəqin ki. Amma gizlətmirəm: “Mən öz ölkəmdə kənar adamam” deyə düşündüyüm də olur. Ya sual işarəsi ilə düşünürəm, ya da nida işarəsi ilə. Yaxud, sadəcə, nöqtə, nöqtə və nöqtə.

Bir də bu var: onillərlə eyni yağlı postda oturan bir oliqarx şəhərin mərkəzini hasarlayıb, üstünə də iri və rəngbərəng hərflərlə yazıb: “Müvəqqəti narahatçılğa görə üzr istəyirik”.

Bəli, “narahatlığa görə” yox, “narahatçılığa görə”.

“Narahatçı” vəzifəsində işləyir adam. Çünki işi-peşəsi insanlara narahatlıq verməkdir!

Qapılarda, darvazalarda, divarlarda, fasadlarda, hasarlarda-filan bənzər lövhələrlə rastlaşırıq. Çoxunda nəsə bir səhv tapıb, araya qoyuruq, əylənirik. Eləsi də olur, oxuyub, sadəcə, ötəri gülüb keçirik. Ancaq əyləncəli olmayanlar da var.

Məni ən çox ağrıdan lövhə – ərzaq satan məhəllə mağazalarındakı çoxmənalı xəbərdarlıqdır: “Nisyə mal verilmir”.

Deməli, ölkədə, yaşadığım bu üç, bəlkə də daha çox milyonluq şəhərdə qidanı nisyə alan var. Bəlkə hardasa çörəyin də nisyəsi olur. Ümid edirəm ki, yox, yoxdur!

Hər halda… sıxıcı kvadraturalara birtəhər sığışmış darısqal məhəllə mağazaları, darıxdırıcı yarımzirzəmilərə sığınmış dərzi atelyeləri, çəkməçi köşkləri, xırdavat dükanları, sahibin, aşpazın və ofisiantın tək adam olduğu “day-day kababxanaları”… ölkədəki sosial durumun ən vicdanlı indikatorlarıdır. Belə obyektlərdə, adətən, üç dənə dəftər olur: verəcək dəftəri, alacaq dəftəri, bir də “gəlib-gedəni” yola salacaq dəftəri.

Düşünürəm, “gəlib-gedən” ifadəsinin nə anlama gəldiyini hamı anladı.

Şəhərin yoxsul kvartallarında və şəhəryanı qəsəbələrdə “ehtiyacın uşaqları”, bax, həmin o şirin “day-day”ların dükanları”ndakı və mehriban “bibilərin” qutabxanaları”ndakı nisyə dəftərlərin vərəqlərində böyüyür. Yazılmış-pozulmuş, saralmış-bozarmış, mürəkkəbi yayılmış, boyası yaxılmış vərəqlərdə…

İndi bu məhəllə dükanları yırtıcı nəhənglərin – supermarketlərin, hipermarketlərin cəhənglərində əzilib, yeyilib, həzm olunub yoxa çıxır. Bəh-bəhli, cəh-cəhli “elit” restoranlar isə “day-day kafeləri”ni, “bibi qutabxanaları”nı şəhərin ucqarlarına qovub; “yataq” rayonlarındakı kasıb tikililərin künc-bucağına qısnayıb.

Hələ nə görmüşəm, bilirsən?! Srağagünün yox, lap elə dünənin adlı-sanlı, varlı-hallı ÇÖRƏKLİ KİŞİsi bu gün bir qarın çörəyə işləyir.

Nədən bilirəm bu gerçəyi? Bax, üzümüzə baxmağa belə utanan “Üz vurma, nisyə mal verilmir” lövhəsindən oxumuşam. Sözün hər iki və ya daha çox mənasında.

Bu lövhə, sadəcə, bir bildiriş və ya xəbərdarlıq deyil, həm də məyusluqdur, xəcalətdir, üzrxahlıqdır. Qəlb harayıdır. SOS siqnalıdır. Bu lövhə insanın insandan, ürəyin ürəkdən, əllərin-əllərdən qopub uzaqlara səpələnməsinin əlacsız və amansız rəsmidir. Üzünə baxanda həmin o qonşu baqqal gözlərini qaçırırsa, deməli, aranızdakı bağ qopub, doğmalığın “damarı qaçıb”, dirəyi uçub…

…Mən Bakıya əyalətdən gəlmişəm. O vaxt 18 yaşımdaydım. Budur, artıq 40 ildən çoxdur ki, paytaxtdayam. Onda da divarlara təmizliklə bağlı xəbərdarlıqlar yazılırdı.

Nə yazılırdı?!

Uzaqbaşı belə: “Xahiş edirik, təmiziyə riayət edin”.

Adətən mərkəzdə təmiz rusca, kənarlarda isə pozuq rusca. Sonra ictimai-siyasi ovqata uyğun bildiriş dili də dəyişdi; öz dilimizdə yazılmağa başladı.

Aylar, illər keçdi, dövran döndü və lövhələrdəki sözlər, kəlmələr, cümlələr sərtləşdikcə sərtləşdi, zamanla mətnlər zalımlaşdı. Sanki hərflər də gündən-günə əvvəlkindən daha əsəbi, daha qəzəbli, zəhmli, vahiməli görünməyə başladı. Nəzakətli çağırışlar yerinə, bağışlayın, artıq hətta söyüşlər yazılırdı. Getdikcə “mərtəbə”ləri artan ağır ifadələr. Arxa küçələrin, qaranlıq döngələrin, dar dalanların bir batman balla da yeyilməyəcək jarqonu…

Bu acı-boz mənzərə qarşısında durğu işarələri də “duruxub qaldı”. Onlar indi artıq çoxdan “vurğu” işarələridir! Hərçənd gündən-günə artıb dünyanı cənginə alan verbal tullantılar o qədər çoxaldı ki… durğu işarələri də çaş-baş düşdü; duracaqları yeri qarışıq saldı…

Axırda bir gün divarlara hopmuş o dözülməz çürüntü küçə lisanı zir-zibildən daha pis iylənib, boğucu üfunət yaydı. Belə bir qəddar havada nəfəs almaq çətinləşdi.

Hələ onu demirəm ki, bu ürəkbulandırıcı, cansıxıcı üslub “var-yox” dərəcəsindən “ölü-diri” səviyyəsinə qədər qalxdı (ya da endi).

Arada qarğış edənlər də olur. Bəlkə qarğışı “tutsun” deyə pirə, övliyaya nəzir verənlər də var. Bilmirəm.

Amma özlüyündə acı reallıqdır bunlar. Dünən bir-birinin gözünə gülən adamlar, indi az qalır bir-birinin gözünü dələ. Bir-birini qucaqlayıb ürəyinə sıxanların imkanı olsa, bir-birinin ürəyinə güllə sıxar.

Bu, ya şəhərimizin çox zibillənib çirkləndiyindəndir, ya da hamının ifrat aqressivləşdiyindən.

İstənilən halda bir gerçək var: bu şəhəri çox yükləmişik. Getdikcə də yükləyirik. O üzdən bir-birimizə də getdikcə daha çox yüklənirik. Hər anlamda. Və bu, təkcə Bakıya aid deyil. Başqa şəhərləri də, kəndləri də, meşələri də, dağları da yükləyirik. Zənginlərimiz hər dağ başında, meşə talasında, kənd mənzərəsində, göl qırağında, çay yaxasında… hətta özlərinin belə illərlə qapısını açmadığı iri villalar, saraylar qondaranda belə olacaqdı da! Nə gözləyirdiniz?! Hələ kəndlinin “başını bişirib” əkin torpağını “əkişdirən” irili-xırdalı çağdaş qolçomaqları demirəm…

Bəlkə bu səbəblərdəndir ki, ya meqaşəhər olsun, ya da ucqar dağ başı, hər yerdə ünsiyyətimizin xeyirxah dili dözülməz təhqir leksikonuna çevrilir sanki.

Bax, elə paytaxtımızı götürək: təmizliyi əvvəl xahiş edirdik, sonra tələb etdik. Ancaq indi tanımadığımız adamlara preventiv təhqir sözcükləri uçururuq. Şəhərin küçələrini təmiz saxlayaq deyə ruhumuzu, ürəyimizi çirkləndiririk. Coğrafi ərazimizi təmizləmək üçün mənəvi ərazimizi çirkinləşdirmək!

Nə acı!

Ağlım kəsəndən bəri – yarım əsrdən çoxdur düşünürəm, düşünürəm, hələ də mənə çatmır: adamdan özünü, evini, küçəsini, şəhərini, ölkəsini, dünyasını təmiz saxlamağı xahiş etmək niyə lazım gəlsin ki?! Hələ-hələ təhqir etmək! Hər kəs bədənini və Vətənini təmiz saxlamaqla doğuşdan bəri mükəlləf deyilmi?! Həm coğrafi Vətənini, həm mənəvi Vətənini.

Ürəyi, nəfsi təmiz tutmaq üçün dinlərə ehtiyac duyuldu tarix boyu. Bax, elə bu Ramazan orucu da o deməkmiş. Ancaq, görünür, ürəklərin çoxu elə çirklənib ki, daha inancların da arındırmağa, aşındırmağa gücü çatmır. Ya da elə çox inanclar özləri çoxdan aşınıb gedib. Qalan quru qəfəsidir. O qəfəsə isə inancın “mömin” xadimini salıblar, süni “yarımmüqəddəs” obrazını yemləyirlər ki, gərək olanda bir-iki ağız “ötsün”. İnancın səsi, nəfəsi, avazı gəlirsə, bəs edər sanki. Sözünə, sözün anlamına çox da bənd olma…

Eldar Baxış demişkən: “Ölüsü ilə ərəbcə, dirisi ilə rusca…”

Bəs indi nə edəcəyik?!
Bir-birimizin ürəklərinin üstündən hansı lövhələri asacağıq?! Bəlkə: “Kənar şəxslərin girişi qadağandır” lövhəsini asaq…

Çox hallarda bir-birimizdən qopmağımız, xahişi tələbə, tələbi təhqirə, hamısını bir yerdə təhdidə dəyişməyimiz aramıza və ürəklərimizə uyğun olmayan kənar şəxslərin girişindən qaynaqlanır.

Elə deyilmi?!

Bax, sən ömrün uzunu sərvaxt ol: ürəyinə kənar olan şəxsi ürəyindən hər vaxt kənar tut. Sevginə layiq və ilginə talib olandan isə kənar gəzmə…

Nigar Məmmədova

Oxşar xəbərlər

Jackie Chan pərəstişkarları səbirsizliklə gözləyirdilər! Sağlamlıq vəziyyəti açıqlandı

Bugün TV

Fantastika

Aynur Əfəndi Zadə

Füzuli Dövlət Teatrı bölgələrdə qastrol səfərinə start verib

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu