Bugun.tv xəbər verir ki, kondisionerlər isti havalarda rahatlıq yaratsa da, onlardan uzun müddət istifadə sağlamlığa müəyyən mənfi təsirlər göstərə bilər.
Mütəxəssislərin sözlərinə görə, kondisionerin yaratdığı quru hava dərinin nəmini itirməsinə, gözlərdə qıcıqlanma və quruluğa səbəb ola bilər. Bundan əlavə, soyuq hava axınına uzun müddət məruz qalmaq burun və boğazın selikli qişasını qurutmaqla tənəffüs yollarında narahatlıq yarada bilər.
Həkimlər bildirirlər ki, kondisionerlərin filtrasiya sistemləri lazımi qaydada təmizlənmədikdə toz, kif və digər allergenlərin yayılmasına şərait yarada bilər. Bu isə xüsusilə allergiya və astma xəstələri üçün əlavə risk hesab olunur.
Mütəxəssislər kondisionerdən istifadə zamanı otaq temperaturunun 24–26 dərəcə arasında saxlanılmasını tövsiyə edirlər. Onların fikrincə, bu temperatur həm rahatlıq təmin edir, həm də orqanizmin isti və soyuq mühit arasında kəskin keçidlərdən qorunmasına kömək edir.
Qeyd olunur ki, kondisionerdən düzgün istifadə olunduqda onun sağlamlığa ciddi zərəri yoxdur. Bunun üçün cihazların filtrlərinin mütəmadi təmizlənməsi, otaqların vaxtaşırı havalandırılması və hava axınının birbaşa insanların üzərinə yönəldilməməsi məsləhət görülür.
Mənbə: Al Jazeera
