Bugun.Tv xəbər verir ki, “Raven Resonance” şirkəti Linux əməliyyat sistemi əsasında çalışan “Prism 1” adlı yeni nəsil ağıllı eynək modelini təqdim edib. Qurğunun əsas xüsusiyyəti smartfona qoşulmadan müstəqil işləməsi və üçüncü tərəflərin proqramlarını dəstəkləməsidir.
“Hi-Tech Mail”in məlumatına görə, eynək “Raven OS” əməliyyat sistemi ilə təchiz olunub. İstifadəçilər qurğunu göz hərəkətləri və səs vasitəsilə idarə edə, digər elektron cihazlara isə Bluetooth vasitəsilə qoşula bilərlər.
Eynəyin sağ gözün qarşısında yerləşən rəngli ekranı təxminən 30 dərəcəlik baxış bucağı təqdim edir. Qurğuda ARM64 prosessoru, 4 GB-dək operativ yaddaş, 32 GB daxili yaddaş və 13 meqapiksellik kamera var.
Batareyaları söndürmədən dəyişmək mümkündür
“Prism 1” modelinin diqqətçəkən xüsusiyyətlərindən biri maqnitli batareyalarının cihazı söndürmədən dəyişdirilməsidir. Komplektə iki batareya dəsti və enerji doldurma qutusu daxildir. Məxfilik üçün kamerada fiziki örtük və çəkiliş zamanı yanan göstəricilər də nəzərdə tutulub.
Şirkət eynəyi əsasən proqramçılar, mühəndislər və texniki sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutur. Qurğunun qiyməti 1499 dollar təşkil edir. İlk satışların ABŞ-da, daha sonra isə Avropada başlanması planlaşdırılır. Növbəti partiyanın tədarükü 2027-ci ilin ortalarına nəzərdə tutulub.

Mənbə: Hi-Tech Mail
