Ukraynanın Krıma pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələrdən sonra yarımadada təhlükəsizlik tədbirləri gücləndirilib.
Ukrayna qüvvələri Şimali Krım kanalı üzərində yerləşən dəmir yolu körpüsünü, Kerçdəki istilik elektrik stansiyasının neft anbarını, elektrik yarımstansiyasını və Simferopoldakı mayeləşdirilmiş təbii qaz paylama məntəqəsini hədəfə aldıqlarını açıqlayıblar.
Sevastopolun Rusiya tərəfindən təyin olunmuş rəhbəri Mixail Razvojayev ictimai nəqliyyatın saat 22:00-da, iri mağaza və kafelərin isə 20:00-da bağlanacağını, küçə işıqlarının söndürüləcəyini bildirib. Bundan əvvəl yanacağın qeyri-hökumət istifadəçilərinə satışı da məhdudlaşdırılıb.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna dronlarının “böyük axınla” hücumlar həyata keçirdiyini etiraf edərək, onların enerji təchizatını, turizmi və ictimai sabitliyi pozmağa yönəldiyini deyib. O, hökuməti hücumların nəticələrinin aradan qaldırılması üçün əlavə tədbirlər görməyə çağırıb.
Bu arada Krımda uşaqlar üçün bütün idman tədbirləri və yay düşərgələrinin fəaliyyəti sentyabrın 1-dək dayandırılıb.
Mənbə: The Guardian
