Qəzza zolağında müharibə nəticəsində məktəblərin dağıdılması və tədris ləvazimatlarının çatışmazlığı uşaqların təhsil almasını çətinləşdirib. Bu şəraitdə fələstinli könüllülər humanitar yardım qutularını məktəb partalarına və stullara çevirərək uşaqlar üçün daha əlverişli dərs mühiti yaratmağa çalışırlar.
Bugun.tv xəbər verir ki, “Eknan” adlı könüllü təşəbbüsünün iştirakçıları boş karton qutulardan masa və oturacaqlar hazırlayırlar. Beləliklə, əvvəllər dərslər zamanı yerdə oturaraq yazı yazmağa məcbur olan uşaqlar artıq hazırlanan partalardan istifadə edə bilirlər.
Komandanın rəhbəri, 36 yaşlı Rim Carur bildirib ki, təşəbbüs Qəzzada material və avadanlıq çatışmazlığı şəraitində mövcud imkanlardan səmərəli istifadə etmək ideyasından yaranıb. Onun sözlərinə görə, humanitar yardım qutuları keyfiyyətli və davamlı olduğundan onları məktəb mebellərinə çevirmək mümkün olub.
Könüllülər çətinliklərə baxmayaraq işlərini davam etdirirlər
Səhra məktəbinin direktoru Fəvvaz Dağmış hazırlanan masa və stulların uşaqlara müəyyən qədər daha rahat şərait yaratdığını bildirib. O, təşəbbüsün təhsil sahəsindəki problemləri tam həll etməsə də, mövcud çətinliklərin azaldılmasına kömək etdiyini vurğulayıb.
Könüllülər qeyd edirlər ki, Qəzzada yanacaq çatışmazlığı səbəbindən bəzi sakinlər isinmək və yemək bişirmək üçün taxta mebelləri yandırmağa məcbur qalıblar. Bu isə məktəb mebellərinin tapılmasını daha da çətinləşdirib.
Qəzzada yüz minlərlə uşaq təhsil dəstəyinə ehtiyac duyur
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin noyabrın 4-də yayımladığı hesabata əsasən, 2026–2027-ci tədris ilində Qəzzada təxminən 770 min uşağın təhsil dəstəyinə ehtiyacı var. Onlardan 200 mini formal təhsildən kənarda qalıb, 570 mini isə müvəqqəti təhsil məkanlarında dərs alır. Məktəb binalarının təxminən 93 faizinin yenidən tikilməsinə və ya əsaslı təmirinə ehtiyac var.
Mənbə: Ensonhaber
