Bugun.tv xəbər verir ki, İsrail ordusunun Livanın cənub bölgələrinə endirdiyi hava və pilotsuz uçuş aparatı zərbələri nəticəsində azı 12 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Məlumata görə, hücumlar Livanın cənubundakı Tebnin, Arab Salim və Sur ətrafındakı yaşayış məntəqələrini hədəf alıb. Arab Salim qəsəbəsinə endirilən zərbə nəticəsində bir tibb işçisinin həyatını itirdiyi bildirilib.
Livan Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, Sur rayonunun əl-Havş bölgəsində pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum zamanı 6 nəfər ölüb. Nəbatiyyə bölgəsinin Habuş qəsəbəsində isə Suriya vətəndaşı olan 4 nəfərin həlak olduğu qeyd edilir.
Hücumlar yaşayış məntəqələri ilə yanaşı avtomobilləri də hədəf alıb. Deyr əz-Zahrani–Habuş avtomobil yolunda bir nəfərin yaralandığı, Beyrutun cənubuna gedən Haldə yolunda isə bir nəqliyyat vasitəsinə zərbə endirildiyi bildirilib.
Mütəxəssislər qeyd edirlər ki, atəşkəslə bağlı müzakirələr davam etsə də, bölgədə hərbi gərginliyin yenidən artması Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.
Mənbə: İLKHA
