Siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında ABŞ və İran arasında aparılan atəşkəs danışıqlarını şərh edib.
Ekspert bildirib ki, tərəflər arasında Pakistan və Türkiyə vasitəçiliyi ilə 45 günlük atəşkəs rejiminin tətbiqi istiqamətində müzakirələr aparılır. Onun sözlərinə görə, danışıqların əsas mövzusu Hörmüz boğazı üzərində nəzarət və onun açıq saxlanılmasıdır.
M. Əsədullazadə qeyd edib ki, İran bu məsələ ilə bağlı razılıq versə, atəşkəsin əldə olunması mümkün ola bilər. O əlavə edib ki, hazırda bir sıra Avropa ölkələri üçün boğaz açıq olsa da, ABŞ bu strateji ərazi üzərində nəzarəti gücləndirmək niyyətindədir.
Ekspertin fikrincə, danışıqlar prosesi dalana dirənə bilər. O vurğulayıb ki, SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) atəşkəsə razılaşmasa, İranın mülki infrastrukturu hədəfə çevrilə bilər.
Həmçinin qeyd olunub ki, Xarq adası istiqamətində hərbi əməliyyatların başlanması ehtimalı da istisna edilmir. Ekspertə görə, ABŞ və İran prezidenti atəşkəsdə maraqlı olsa da, SEPAH daxilində bu məsələyə fərqli yanaşmalar mövcuddur.
M. Əsədullazadə bildirib ki, atəşkəs baş tutmasa, vəziyyət daha da gərginləşə bilər. Onun sözlərinə görə, keçmiş ABŞ prezidenti Donald Tramp tərəfindən İrana qarşı məhdud gücə malik nüvə silahından istifadə və quru əməliyyatlarının başlanması kimi ssenarilər də istisna edilmir.
Ekspert sonda vurğulayıb ki, atəşkəsin əldə olunması çətin və həssas olaraq qalır, lakin bu ehtimal tamamilə mümkündür.
