Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Avropanın təhlükəsizlik arxitekturasının yenilənməsi ilə bağlı açıqlama verib. Ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.
Məhəmməd Əsədullazadənin fikrincə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin irəli sürdüyü təşəbbüs gələcəkdə Avropanın öz təhlükəsizlik mexanizminin formalaşmasına gətirib çıxara bilər. Qeyd edək ki, fon der Leyen sentyabrın 16-da Avropa Parlamentində çıxışı zamanı yeni Avropa təhlükəsizlik strategiyası hazırlanacağını və NATO-nun 4-cü maddəsinə paralel olaraq “Fövqəladə Təhlükəsizlik Protokolu” yaradılmasını təklif edib. Bu mexanizm üzv ölkələrdən birinin müraciəti zamanı digər ölkələrin bir araya gələrək birgə cavab tədbirlərini əlaqələndirməsini nəzərdə tutur.
Ekspert hesab edir ki, Rusiyanın yaratdığı təhlükəsizlik çağırışları və ABŞ-ın Avropadakı gələcək rolu ilə bağlı müzakirələr bu prosesi sürətləndirə bilər. Onun qənaətinə görə, söhbət NATO-nun ləğvindən deyil, Avropanın müdafiə və təhlükəsizlik imkanlarını daha da gücləndirməsindən gedir.
Məhəmməd Əsədullazadə hesab edir ki, belə dəyişikliklər gələcəkdə Cənubi Qafqaza da təsir göstərə bilər. Onun fikrincə, Azərbaycan, Ermənistan və Gürcüstan üçün yeni tərəfdaşlıq və təhlükəsizlik formatlarının gündəmə gəlməsi mümkündür.
Ekspert həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik və müdafiə əməkdaşlığının inkişafını Azərbaycan üçün mühüm istiqamətlərdən biri kimi qeyd edib.
