Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Rusiya pasport siyasəti ilə qonşu ölkələrə təsir imkanlarını genişləndirir

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə sosial media hesabında Rusiyanın separatçı bölgələrdə yaşayan əhaliyə vətəndaşlıq vermək siyasətini davam etdirdiyini bildirib.

Ekspertin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “Dnestryanı sakinlərinin Rusiya vətəndaşlığına qəbulu haqqında” yeni fərman imzalayıb. O qeyd edib ki, Moskva daha əvvəl Abxaziya və Cənubi Osetiyada yaşayan insanlara da Rusiya vətəndaşlığı verərək oxşar siyasət həyata keçirib.

Məhəmməd Əsədullazadənin fikrincə, Moldovanın ərazisində yerləşən Dnestryanı bölgə sakinlərinə Rusiya pasportlarının verilməsi Moskvanın regiona təsir və müdaxilə siyasətinin davamıdır.

Siyasi şərhçi bildirib ki, Kremlin bu yanaşması qonşu dövlətlər üzərində siyasi təsir imkanlarını genişləndirməyə və gələcəkdə təzyiq mexanizmləri formalaşdırmağa xidmət edir. Onun sözlərinə görə, növbəti mərhələdə oxşar addımlar Qazaxıstanda yaşayan ruslara və digər postsovet ölkələrindəki rus icmalarına münasibətdə də tətbiq oluna bilər.

Ekspert qeyd edib ki, bu siyasət Rusiyanın qonşu ölkələrlə münasibətlərində etimadsızlığı artırır və həmin dövlətlərdə müdafiə və təhlükəsizlik siyasətinin sərtləşməsinə səbəb olur.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Moskva vaxtilə Qarabağda yaşayan ermənilərə münasibətdə də oxşar yanaşmanı tətbiq etməyə çalışıb. Onun fikrincə, Azərbaycan vaxtında həyata keçirdiyi siyasi və hərbi addımlarla belə bir ssenarinin qarşısını ala bilib.

Siyasi şərhçi əlavə edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı istifadə etdiyi arqumentlər də göstərir ki, xaricdə yaşayan rusdilli əhalinin “müdafiəsi” tez-tez siyasi və geosiyasi alət kimi təqdim olunur.

Ekspert hesab edir ki, Azərbaycan xarici dövlətlərin birtərəfli hüquqi qərarlarının ölkə vətəndaşlarına tətbiqini məhdudlaşdıran qanunvericilik mexanizmlərini daha da gücləndirməlidir.

Onun sözlərinə görə, Rusiya yumşaq güc, pasport siyasəti və informasiya təsiri vasitəsilə qonşu ölkələr üzərində təzyiq imkanlarını artırmağa çalışır və bu da regionda təhlükəsizlik balansına birbaşa təsir göstərir.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda yeni ixtira – “Velomobil” inklüziv şəhər nəqliyyatında yeni dövr açır!

Aynur Camal

Məhəmməd Əsədullazadə: Gürcüstanda dini və etnik gərginlik riski artır

Aynur Camal

Beynəlxalq Gimnastika Federasiyası rusiyalı idmançılara qarşı məhdudiyyətləri aradan qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu