Rusiya ilə Ukrayna arasında mümkün sülh danışıqlarında əsas mübahisə mövzusu Donbas əraziləri olaraq qalır. Moskvanın Ukraynanın nəzarətində olan torpaqlara dair tələblərindən geri çəkilməməsi danışıqlar prosesinin irəliləməsini çətinləşdirir.
Bugun.tv xəbər verir ki, bu barədə siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşdığı şərhdə bildirib.
Ekspertin fikrincə, danışıqlarda Avropa İttifaqının da iştirakı, həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizlik təminatları və müharibədən sonrakı münasibətlərin müzakirəsi nəzərdə tutulur. Lakin əsas problem ərazi məsələsi olaraq qalır. Rusiya Donbasın hazırda Ukraynanın nəzarətində olan hissələrini də tələb edir, Kiyev isə bu tələblə razılaşmır və ərazi güzəştlərinə getmək niyyətində olmadığını bildirir.
Əsədullazadə hesab edir ki, Moskvanın ərazi iddialarından geri çəkilməsi atəşkəs razılaşması üçün imkan yarada bilər. Onun qənaətinə görə, Rusiyanın bu tələblərinin qəbul edilməsi gələcəkdə yeni ərazi iddiaları üçün presedent formalaşdıra bilər.
Ekspert həmçinin ərazilərin referendum yolu ilə Rusiyaya verilməsi və bunun əvəzində Ukraynanın NATO-ya üzvlüyü məsələsinin gündəmə gətirilməsi variantının da Moskva tərəfindən qəbul edilmədiyini qeyd edir. Kiyevin isə NATO-nun beşinci maddəsinə bənzər, konkret və etibarlı təhlükəsizlik təminatları əldə etməkdə maraqlı olduğunu vurğulayır.
Məhəmməd Əsədullazadənin fikrincə, ərazi məsələsində ortaq mövqeyin əldə olunması gələcək atəşkəs və sülh razılaşmasının perspektivlərini müəyyən edəcək.
