Müsahibimiz Türk dünyasının istedadlı qələm adamı, tanınmış yazıçı, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıçdır. Selçuk KarakılıçYunus Əmrə İnstitutuna rəhbərlik etdiyi ilk gündən mədəniyyətimizin inkişafına, eləcə də qardaş ölkələrimiz arasında ortaq ədəbi dəyərlərə misilsiz töhvələr verib.
-Selçuk bəy, Yunus Əmrə İnsititutu Azərbaycanda nə zamandan fəaliyyət göstərir və Türkiyə -Azərbaycan arasında necə bir körpü yaradır?
-Yunus Əmrə İnstitutu 2012-ci ildə Bakıda ikitərəfli müqavilə əsasında yaradılan mədəniyyət qurumudur. Yunus Əmrə İnstitutu Türkiyənin mədəniyyət və elmini xaricdə təbliğ edən, eyni zamanda xaricdə Türkiyə lehinə əlaqələr yaradan, dostlar qazandıran bir təşkilatdır.
İlk öncə söyləmək istərdim ki, Azərbaycandan Türkiyədə təhsil almaq istəyən universitet tələbələri üçün türk dili imtahanımız var. Bu imtahandan uğur qazanan tələbələr hazırlıq kursu keçmədən Türkiyə universitetlərinə daxil olurlar. Bu zaman həm vaxta qənaət edir, həm də maliyyə baxımından heç bir pul xərcləmədən Türkiyədəki universitetlərə yazılır.
İkinci işimiz türk dilini öyrətməkdir. Təbii ki, Azərbaycanda türkcənin öyrədilməsi bir az doğru ifadə deyil, çünki biz eyni dildə danışırıq. Sadəcə dialekt fərqi var. Bunun xaricində Türk kinosundan musiqiyə, ədəbiyyata qədər bir çox sahədə strateji addımlar ataraq, onları Azərbaycanın tanınmış insanları ilə Türkiyədəki həmkarları ilə bir araya gətirib, birgə iş görmələrini təmin edirik.
Yaxın gələcəkdə görmək istədiyimiz işlərdən biri də Azərbaycandan kino və nəşriyyat kimi bəzi mədəniyyət mənsublarının Türkiyəyə getməsini təmin etməkdir. Onlar bir ay ərzində rejissorlarla, sahəsinə aid insanlarla görüşəcək, çəkiliş meydançalarında, kinostudiyalarda olacaqlar. Bundan əlavə, təqdim etdiyimiz təqvimə uyğun olaraq bir türk rejissoruilə bir azərbaycanlı rejissor 1 ay ərzində birlikdə təcrübə keçəcəklər. Birgə layihədə peşəkar təcrübə ötürmək və film çəkmək mümkün olacaq. Bizim etdiyimiz əslində insan sərmayəsi, peşəkar sərmayədir. Biz bu sərmayəni istehsala çevirmək üçün mədəniyyət sənayesi qurmaq istəyirik. Azərbaycanda mədəniyyət, din, dil və ümumilikdə elm sahələrində, universitetlərlə, mədəni icmalarla, xüsusən Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlığımız var.
-Selçuk Karakılıç üçün Azərbaycan deyiləndə ilk ağlına gələn nə olur?
-Əslində bu barədə heç düşünməmişəm. Yalnız mən gəncliyimdən Azərbaycanla yaxın olan insanam. Mən Ədəbiyyat fakültəsinin məzunuyam. 3-cü kursdan bizə türk dialekti və ədəbiyyatı tədris olunurdu. Mənim Azərbaycan ədəbiyyatını, dilini öyrənmək şansım oldu. Mən çoxlu Azərbaycan şairlərini, şeirlərini oxumuşam. Türkiyədə türk yazıçı və şairlərin Azərbaycanla bağlı yazılarını da oxumuşam. Lakin mənim fikrimcə, “Xəzər” Azərbaycanla eyniləşdirilir. Təbii ki, Azərbaycan mədəniyyəti güclü mədəniyyətdır. Bəxtiyar Vahabzadə, Əhməd Cavad, “Hophopnamə”nin müəllifi Mirzə Ələkbər Sabir, Füzuli artıq bütün türk dünyasının şairidir. Amma bununla belə Azərbaycan deyiləndə ağlıma ilk gələn Xəzər dənizi olur. Ola bilsin ki, sakit dənizdir, sakit axar. Mən Azərbaycanı Xəzərə bənzədirəm. Azərbaycan xalqı da belədir. Birdən parlayır, birdən sakitləşir.Bəlkə insanların yaşadığı coğrafiya onların xarakterlərində əks olunur, təbiətdən aldıqları ruhla özlərini formalaşdırırlar. Bu keyfiyyətlərə görə Azərbaycana minnətdaram.
–Selçuk bəy, bir neçə dəfə Şuşada olmusunuz. Biz sizin təsürratlarınızı bölüşmək istərdik.
Bildiyiniz kimi, müharibədən bir il sonra Şuşaya səfərlər edilməyə başlandı. Biz Türkiyə olaraq Azərbaycanın Qarabağdakı haqlı davasını dünyaya çatdırmaq üçün dramatk film çəkmək istəyirik. Filmlərlə deyilən mesajlar daha təsirli olur. Təbii ki, hərbi filmlər çəkiləcək və çəkilməlidir. Ancaq hərbi filmlər bunu bütün dünya xalqlarına izah etməyin yeganə yolu deyil. Orada mədəni vandalizm var. Eyni zamanda Azərbaycanın tarixinə, mədəniyyətinə qarşı suiqəsd var, üstəlik, Azərbaycana qarşı dünyanın görmək istəmədiyi soyqırım törədilib.İstəyimiz bunları təbliğat məqsədi güdmədən sadəcə insanlara, dünyaya gerçəkləri anlatmaqdır.. Hətta Türkiyədə “Yeddinci koğuşda möcüzə” filminin ssenari müəllifi Kubilay Tatla Şuşada olduq. Mədəniyyət naziri Anar Kərimov da bu məsələdə bizə dəstək oldu. İlk dəfə 2021-ci ildə Şuşaya səfər etdim, Cıdır düzündə dərindən nəfəs aldım. Amma ondan sonra daha bir neçə dəfə Şuşada oldum. Bu il 270 illiyi münasibətilə Şuşanı tanıtmaq üçün Türkiyədə bəzi tədbirlərimiz oldu. Hətta Türkiyədən məhşur bir youtuber dəvət etdik. Onun qısametrajlı filminə 185 min insan baxıb. Bu münasibətlə bir neçə gün əvvəl Anar Kərimov mənə Şuşa xatirə nişanını təqdim etdi. Budda mənim üçün böyük qürurdur.