Ermənistan Rusiyadan təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində asılılığını azaltmaq istiqamətində növbəti addımlar atmağa hazırlaşır. Baş nazir Nikol Paşinyanın Rusiya sərhədçilərinin ölkədəki fəaliyyətinin gələcəkdə başa çatdırılması ilə bağlı açıqlaması regionda yeni siyasi müzakirələrə səbəb olub.
Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə bu məsələni sosial media hesabında şərh edib.
Ekspertin fikrincə, Paşinyanın Rusiya sərhədçilərinə xidmətlərinə görə təşəkkür etməsi və Ermənistanın öz sərhədlərinin mühafizəsini tam şəkildə üzərinə götürmək niyyətini açıqlaması Moskvaya ünvanlanmış siyasi mesajdır.
Xatırladaq ki, Paşinyan noyabrın 26-da keçirdiyi brifinqdə yaxın illərdə Ermənistanın dövlət sərhədlərinin qorunmasına görə tam məsuliyyəti öz üzərinə götürməli olduğunu bildirib. Hazırda Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədinin müəyyən hissələrində erməni sərhədçiləri ilə birgə xidmət aparırlar.
Əsədullazadə hesab edir ki, İrəvan xüsusilə Türkiyə və İranla sərhədlərində nəzarəti tam şəkildə öz qüvvələrinin həyata keçirməsində maraqlıdır. Onun qənaətinə görə, gələcəkdə Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması və Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ermənistan Rusiyanın sərhəd mühafizəsində iştirakını arzuolunan hesab etmir.
Ekspert əlavə edib ki, Ermənistanın Rusiyadan hərbi-siyasi asılılığını azaltmaq siyasəti davam edərsə, gələcəkdə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının statusu məsələsi də gündəmə gələ bilər.
Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın təhlükəsizlik siyasətini müstəqil müəyyənləşdirmək istiqamətində atdığı addımlar regiondakı siyasi münasibətlərə də təsir göstərə bilər.
