Birləşmiş Krallıq hökuməti məktəblərdə smartfon istifadəsinə dair qanuni qadağa tətbiq etməyə hazırlaşır. Yeni qaydalar hazırda bir çox məktəbdə tətbiq olunan məhdudiyyətlərə hüquqi status verəcək.
Təhsil Nazirliyi (DfE) tərəfindən verilən açıqlamada bildirilib ki, bu addım məktəblərdə telefon istifadəsinə qoyulan məhdudiyyətləri daha sərt və məcburi hala gətirəcək.
Təhsil naziri Bridget Phillipson daha əvvəl məktəblərə göndərdiyi tövsiyələrdə dərs günü ərzində telefonlardan istifadə edilməməsini məsləhət görmüşdü. Yeni qərarla bu tövsiyə rəsmi qaydaya çevriləcək və məktəblər üçün məcburi olacaq.
Təhsil nazirinin müavini Jacqui Smith parlamentin Lordlar Palatasında çıxışı zamanı bildirib ki, əvvəlki “görülməyəcək və eşidilməyəcək” prinsipi – yəni telefonların söndürülərək çantada saxlanılması yanaşması artıq kifayət hesab edilmir.
Hökumət bəzi məktəblərdə tətbiq olunan daha sərt tədbirləri – məsələn, telefonların kilidli dolablarda saxlanılması və ya xüsusi möhürlü qablaşdırmalardan istifadə kimi üsulları da nəzərdən keçirir.
Bundan əlavə, Ofsted (təhsil standartlarına nəzarət qurumu) aprel ayından etibarən məktəblərdə mobil telefon siyasətinin tətbiqini yoxlamağa başlayacaq.
Müxalifət partiyaları bu təşəbbüsü ümumilikdə dəstəkləsə də, məktəb rəhbərləri və təhsil həmkarlar ittifaqları bildirirlər ki, hökumət bu keçid dövrü üçün əlavə maliyyə – xüsusilə telefonların saxlanılması üçün dolab və infrastruktur – ayırmalıdır.
Qeyd edək ki, təhsil siyasəti regional səviyyədə tənzimləndiyi üçün qaydalar ölkənin digər hissələrində fərqli şəkildə tətbiq olunur:
Şotlandiya: 2024-cü ildən məktəb direktorlarına telefonları qadağan etmək səlahiyyəti verilib
Uels: milli qadağa yoxdur, lakin məktəblər məhdudiyyət tətbiq edə bilər
Şimali İrlandiya: “telefonsuz məktəb” pilot layihəsinin nəticələri iyunda açıqlanacaq.
Mənbə: Ensonhaber
