Meksikanın Sinaloa ştatında tanınmış TikTok fenomeni Sezar Gastelum canlı yayım zamanı silahlı hücum nəticəsində öldürülüb. Hadisə ölkədə sosial media fenomenlərinə qarşı törədilən növbəti səs-küylü qətl kimi qiymətləndirilir.
Bugun.tv xəbər verir ki, 600 mindən çox izləyicisi olan Sezar Gastelum Kuliakan şəhərində fast-food restoranının qarşısında canlı yayım edərkən motosikletlə gələn, dəbilqə taxmış iki nəfərin hücumuna məruz qalıb. Hadisə yerində açılan atəş nəticəsində fenomen həyatını itirib.
Sinaloa ştatının təhlükəsizlik rəsmiləri Gastelumun ölümünü təsdiqləyib və bölgədə genişmiqyaslı təhlükəsizlik əməliyyatına başlanıldığını bildiriblər.
Meksikanın Federal Təhlükəsizlik Kabineti açıqlayıb ki, istintaq çərçivəsində qətlin sosial şəbəkələrdəki paylaşımlarla əlaqəli olub-olmadığı araşdırılır. Bildirilir ki, fenomen bəzi paylaşımlarında cinayətkar qruplaşmalardan birinin fəaliyyətinə toxunmuşdu.
Meksika Prezidenti Klaudiya Şeynbaum hadisənin bütün təfərrüatlarının araşdırıldığını vurğulayaraq, cinayəti törədənlərin və sifarişçilərin müəyyən edilərək məsuliyyətə cəlb olunacağını bildirib.
CNN qeyd edir ki, Sinaloa ştatında 2024-cü ilin sentyabrından etibarən narkokartelin “Los Mayos” və “Los Chapitos” qruplaşmaları arasında nəzarət uğrunda silahlı qarşıdurmalar davam edir. Bu münaqişələr bölgədə zorakılığın artmasına və gündəlik həyatın pozulmasına səbəb olub.
Bu, Meksikada sosial media fenomeninin canlı yayım zamanı öldürüldüyü ilk hadisə deyil. 2025-ci ilin mayında gözəllik bloqeri Valeriya Markes də TikTok-da canlı yayım edərkən silahlı hücum nəticəsində qətlə yetirilmişdi.
Mənbə: CNN
