20 C
Baku
Oktyabr 1, 2022
İqtisadiyyat

M.Həsənli: “Hər bir insanın təhsili, tərbiyyəsi onun gələcək uğurlarının təməlidir”  

UĞUR HEKAYƏSİ

Müsahibimiz “Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası” İctimai Birliyinin sədri, iş adamı Mürvət Həsənlidir. Onunla “Uğur hekayəsi” rubrikasında  görüşüb, danışdıq. Bacarıqlı bir iş adamı olmağın sirrini öyrənməyə çalışdıq.

– Mürvət müəllim, siz ölkənin tanınmış iş adamlarından birisiniz. Uğur hekayənizi dinləmək istəyərdik.

-İş həyatına 1990-cı ildə, əsgərlikdən qayıtdıqdan sonra atıldım. O zaman Gəncədə yaşayırdım. Xaricdən tekstil və elekteonika malları gətirib Gəncədə satırdım. O zaman üçün bu həm maraqlı, həm də riskli idi. 90-cı illərin əvvəllərində ölkədə güclü infilyasiya gedirdi. Qazanmaq əvəzinə, ciddi itki də verə bilərdin. Əlbəttə ki,  ziyana düşdüyümüz zamanlar da oldu. Ancaq sonrakı işimi qurmaq üçün bu bir maliyyə başlanğıcı, o dövr üçün gələcək uğurlarımın maddi təməli oldu. Sonra imtahan verib indiki Gəncə Aqrar Universitetində ali təhsilə başladm. Bildiyimiz kimi o dövürdə həm cəbhədə, həm də ölkədə ictimai-siyasi vəziyyət ağır idi. 1993-cü ildə ulu öndər  H.Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə bir sabitlik yarandı.

2000-ci illərin əvvəllərində ictimai iaşə sektoruna qatıldım. “Xəmsə” şadlıq sarayını qurdum. Bu sahədə böyük uğur qazandığımı düşünürəm. O zamanlar bu sahədə boşluqlar var idi. Həm o boşluğu doldurduq, həm də keyfiyyətli iş gördük. Hətta mən statistikasını da aparmışam, 20 illik fəaliyyətimiz ərzində bizim restoranda evlənənlərin cəmi 1.5%-i boşanıb.

-Siz, kənd təsərrüfatı sahəsində də ilklərə imza atan sahibkarlardansınız. 

– Bəli, 2008-ci ildən başlayaraq kənd təsərrüfatı sahəsində özümü sınadım. Öncə ətlik hind quşu, ardınca da damazlıq, ətlik istiqamətli toyuqların satışına başladıq. Artıq 12 ildir bu sahədəyik. Biz başlayan vaxtlar ölkədə damazlıq toyuq təsərrüfatı yox idi. Bu sahədə ölkə tələbatının 85-90% ödəyirik. 2009-2011 ci illərdə ölkə başçısı tərəfindən quşçuluq sahəsinə böyük diqqət yetirildi. 2016-cı ildə qəbul olunmuş strateji yol xəritəsinə görə 2025-ci ilə qədər bu xəritədə göstərilən bütün sahələrin inkişafina nail olmaq lazım idi. Ürəklə deyə bilərəm ki, biz 2025-ci ildən  tez quşçuluq sahəsində göstərilən bütün tələbləri yerinə yetirmişik.

– Eyni vaxtda bir neçə sahəsini birlikdə idarə etmək çətin deyil ki?

– Hər bir sahədə, hər bir insanın köməkçisi onun kadrlarıdır. Biz bu kadrları zaman-zaman yetişdiririk. Onlar yetişdikcə insan özünü rahat hiss edir.

Uğurumun sirlərindən biri də odur ki, qismətimə həmişə savadlı kadrlar çıxıb və çalışmışam maksimum peşəkarları seçim. Belə bir deyim də var: “Peşəkarların maaşı hər zaman baha olur, amma qeyri-peşəkarın vurduğu ziyandan baha olmur”.

– “Quş əti, yumurta istehsalçıları və ixracatçıları Asossasiyası” İctimai Birliyinin sədri kimi deyə bilərsinizmi bu sahədə nə kimi yeniliklər və  problemlər var?

– Assosasiyanın sədri kimi bu ilin 22 fevral tarixindən yekdilliliklə sədr seçilmişəm. O müddətdən bu günə qədər həm hökümət, həm də ticarət şəbəkələri qarşısında bir sıra problemlər qaldırıb, hamısının həllinə nail olmuşuq. Toyuq əti və yumuta istehsalçılarının vəsaitləri uzun müddət – 90 günlə şəbəkələrdə qalırdı və iadə faizləri çox idi. Bu əsas problemlərdən biri idi. İqtisdiyyat nazirliyi ilə birgə bu problemin də öhdəsindən gələ bildik. Xaricdən gətirilən yararsız toyuqların ölkəyə daxil olmasının qarşısı alındı.

Digər məsələ isə Cənab prezidentin səyi ilə soya, soya şirəotu və digər məhsullardan ƏDV-nin qaldırılması idi. Bu problem də bu ayın əvvəli həllini tapdı. Nəzərə alsaq ki, 1kq ətin tərkibinin 68%-ni yemin dəyəri tutur, bu quş əti və yumurta istehsalçılarına böyük kömək idi. Nəticədə toyuq ətinin qiyməti düşdü. Problemlərin asan həllolma səbəblərindən biri də, bizim qaldırdığımız məsələlərin  ölkə ictimaiyyəti, xüsusilə də, media tərəfindən dəstəklənməsidir.

– Hazırda Avropadakı mövcud vəziyyətlə yəni müharibə ilə bağlı dünya ərzaq qıtlığı ilə üz-üzə qala bilər. Bu baxından kənd təsərrüfatının bir sahəsi kimi problemin qarşısını almaq üçün sizin sahədə hansı tədbirlər görülür?

– Biz bu məsələləri nəzərə alaraq mart ayında hökümətə yem və yem məhsullarının qiymətinin qalxması ilə bağlı müraciət etdik. Bununla bağlı yuxarıda qeyd etdiyim məsələlər həllini tapdı. Yem ehtiyatları bazasının yaradılması, güzəştli mövsümü kreditlərin verilməsi ilə bağlı müraciət etmişik. Yaxın zamanda artıq o kreditlər də veriləcək. Əlbəttəki ki, ərzaq qıtlığı qlobal problem olduğu üçün bizdən də yan keçməyəcək. Ölkə başçısının qəbul etdiyi qabaqlayıcı tədbirlər planı ilə 2008-ci ildə baş verən iqtisadi böhranı yüngül atladığımız kimi bunun da öhdəsindən gələcəyik. Bu yaxınlarda yem ehtiyatlarını da özümüz istehsal edəcəyik. İşğaldan azad olunmuş ərazilərdəki yararlı torpaqlarda dənli bitkilərin əkini, ət baxımından iribuynuzlu mal-qaranın yaylaqlara qalxması və sayındakı artım sayəsində biz ərzaq qıtlığı ilə rastlaşmayacağıq.

– Hazırda quş əti və yumurtanın idxal və ixracındakı nisbət necədir? İdxal daha çoxdur yoxsa ixrac? Toyuq əti, yoxsa yumurta?

– Hazırda ölkədə yumurta istehsalı 130 faizin üzərindədir. Ona görə də biz onu Qətər, BƏƏ,  Rusiya, Əfqanıstan və digər ölkələrə ixrac edirik. Yumurta ölkə tələbatını artıqlaması ilə ödəyir, toyuq əti isə 85%. Hazırda ölkədə toyuq ətinə tələbat 140.000 tondur, istehsal isə 120.000 tondur. Yem məsullarından ƏDV-nin qalxması isə 100%-lik təminata gətirib çıxaracaq.

– Cəmiyyətdə müzakirə mövzusu olan məsələlərdən biri də, quş əti və xüsusilə də, yumurtanın qiymətidir. Bu məhsullarda qiymət artımı gözlənilirmi və ümumiyyətlə, qiymətlər nəyə əsasən tənzimlənir?

– Öncəliklə onu deyim ki, bütün məhsulların qiymətini bazar tənzimləyir. Bazarda tələbat artanda qiymət artır, təklif artanda isə qiymət azalır. Yumurta çox istehsal olduğu üçün qiymətlər kifayət qədər aşağıdır. Düşünürəm ki, yaxın gələcəkdə biz  damazlıq yumurtanı da özümüz istehsal edəcəyik.

Bildiyimiz kimi virusların tüğyan etdiyi bir dönəmdən keçirik. Hansı ki, bir neçə il öncə quş qripi də müəyyən bir arealda yayılmışdı. Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

– Qaldırdığımız məsələlərdə bizə xüsusi dəstək verdikləri üçün AQTA-nın rəhbərliyinə təşəkkür edirik. Hazırda quş qripinə qarşı vaksinlərin ölkədə qeydiyyatdan keçməsində onların böyük rolu var.  H5N9 qeydiyyatdan keçdiyi üçün vaksinasiyada biz onu tətbiq edirik. Problem xaricdən gələn yumurtalarda ola bilər. O da həllini tapacaq.

-Hər kəs öz sahəsində uğurlu olmaq istəyər. Çünki gördüyü işin nəticəsi insanı xoşbəxt edir. Uğurun hər hansı bir düsturu varmı, onu tətbiq edib nailiyyət qazanaq?

-Uğurun düsturu təhsil, tərbiyə və təcrübədir. Hər bir insanın təhsili və tərbiyyəsi  onun gələcək uğurlarının təməlidir. Eyni zamanda işini ölkə qanunvericiliyini uyğun qurmaq lazımdır. Bunu tətbiq etmək və hər zaman haqq-ədaləti qoruyaraq irəliləmək əsas şərtlərdəndir. Hədəfinizi də bilməli, böyük həvəs və inamla ona doğru addımlamalısız. Yalnız bu halda uğur hər zaman sənin olacaq, səninlə olacaq!

Səmimi söhbətindən dolayı Mürvət Həsənliyə təşəkkür edirik!

 

 

Oxşar xəbərlər

Rayonlarda UN QITLIĞI yarandı – Səbəb nədir? – VİDEO

Aynur Camal

Azərbaycan Qlobal Rəqəmsal Biznesə Dəstək Reytinqində 60-cı yerdə qərarlaşıb

Aynur Camal

Deputat ölkədəki bahalaşmadan danışdı: “Bəzi sahibkarlar vəziyyətdən istifadə edirlər” – FOTO

Aynur Camal