Macarıstan hökuməti ölkənin milli valyutası olan forintdən imtina edərək avroya keçid üçün hazırlıqları sürətləndirir.
Baş nazir Peter Magyar bildirib ki, hökumət 2030-cu ilə qədər Avrozonaya qoşulmaq üçün tələb olunan bütün şərtləri yerinə yetirməyi qarşısına məqsəd qoyub.
Budapeştdə Avro Qrupunun sədri və Yunanıstanın maliyyə naziri Kiriakos Pierrakakis, eləcə də Macarıstanın maliyyə naziri Andraş Karman ilə birgə keçirilən mətbuat konfransında çıxış edən Peter Magyar bildirib ki, Maastrixt meyarlarının yerinə yetirilməsi ölkənin iqtisadi sabitliyini və inkişafını gücləndirəcək.
Baş nazir qeyd edib ki, avroya keçid Macarıstanda daha dayanıqlı iqtisadi mühit yaradacaq və əvvəlki Viktor Orban hökumətinin maliyyə siyasətində buraxdığı səhvlərin təkrarlanmasının qarşısını almağa kömək edəcək.
Magyarın sözlərinə görə, Maastrixt meyarlarına əməl olunması investorların etimadını artıracaq, ölkəni biznes üçün daha cəlbedici və proqnozlaşdırılan bazara çevirəcək.
Bununla yanaşı, Baş nazir etiraf edib ki, Macarıstan hazırda avroya keçid üçün bütün tələbləri tam şəkildə qarşılamır. O bildirib ki, büdcə kəsirinin və dövlət borcunun azaldılması qarşıdakı dövrdə ən böyük çətinliklərdən biri olacaq.
Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin avroya keçməsi üçün qiymət sabitliyi, dayanıqlı dövlət maliyyəsi, valyuta məzənnəsinin sabitliyi və uzunmüddətli faiz dərəcələrinin aşağı səviyyədə olması kimi Maastrixt meyarlarına cavab verməsi tələb olunur.
Mənbə: EnSonHaber
