Media Tədris Mərkəzindən Dövlət Məşğulluq Agentliyinə MÜRACİƏT
Elnarə Dərziyeva: “Müharibə iştirakçıları ilə bağlı müraciətimizə müsbət cavab veriləcəyinə inanırıq”. İyul ayında 15 Qarabağ Müharibəsi iştirakçısı Media Tədris Mərkəzinə müraciət edərək işsiz olduqlarını, bir peşəyə sahiblənmək üçün operator, fotoqraf və montaj işini öyrənmək istədiklərini bildiriblər.
Versus.Az xəbər verir ki, bu barədə Media Tədris Mərkəzinin rəhbəri jurnalist Elnarə Dərziyeva bildirib:
“Biz də öz növbəmizdə 44 günlük savaşda can qoyan, yaralanıb müxtəlif dərəcəli xəsarətlər alan və bü günədək də bədənində qəlpələrlə gəzən bu qəhrəmanların peşə hazırlığını üzərimizə götürmək niyyətində olduğumuzu və bundan böyük şərəf duyduğumuz bildirdik.
İşləmək, dövlətə yararlı bir vətəndaş kimi xidmət etmək və yaşam şəraitini düzəltmək istəyən bu müharibə iştirakçılarına dəstək məqsəsi ilə avqust ayında Dövlət Məşğulluq Agentliyinə müraciət etdik. Dövlətin məşğulluq siyasətinə uyğun olaraq nəzərdə tutulan məqsədyönlü imtiyazlardan, yardım və güzəştlərdən yararlanmaq işi və peşəsi olmayan vətəndaşların haqqıdır, onların da həmçinin”.
E.Dərziyeva Media Tədris Mərkəzi olaraq müharibə iştirakçılarının arzu və istəkləri fonunda müraciətlərinə müsbət cavab veriləcəyinə inandıqlarını vurğulayıb.
Qeyd edək ki, Media Tədris Mərkəzinin müraciətinin nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.