Texnologiya

Meta məhkəməni uduzarsa, Instagram və Facebook ciddi şəkildə dəyişə bilər

Bugun.tv xəbər verir ki, ABŞ-da Meta şirkətinə qarşı uşaqların və yeniyetmələrin sosial media istifadəsi ilə bağlı açılmış böyük məhkəmə prosesi başlayır. İşin nəticəsinin Facebook və Instagram-ın fəaliyyətinə ciddi təsir göstərə biləcəyi bildirilir.

Kaliforniya, Nyu-Cersi, Kolorado və Kentukki də daxil olmaqla ABŞ-ın ştatlarının baş prokurorları Meta-nı Facebook və Instagram platformalarını uşaqlar və yeniyetmələr üçün asılılıq yaradan şəkildə hazırlamaqda, həmçinin bu platformaların mümkün zərərləri barədə ictimaiyyəti lazımi şəkildə məlumatlandırmamaqda ittiham edirlər. Reuters-in məlumatına görə, prosesdə ümumilikdə 32 ştatın iddiaları əsas götürülür.

Məhkəmənin əsas diqqət yetirəcəyi məsələlərdən biri Meta-nın platformalarında istifadəçiləri daha uzun müddət saxlamağa xidmət edən funksiyaların uşaqlara təsiridir. İddialarda sonsuz sürüşdürmə, videoların avtomatik oynadılması, bəyənmələr və tövsiyə alqoritmləri kimi xüsusiyyətlərin yeniyetmələrdə həddindən artıq istifadəyə və asılılığa səbəb ola biləcəyi bildirilir.

Ştatlar Meta-dan yalnız maliyyə cəzası tələb etmirlər. Onlar şirkətin platformalarının uşaqlar üçün təhlükəsizliyini artıracaq dəyişikliklər etməsini də istəyirlər. Məhkəmənin Meta əleyhinə qərar verməsi ABŞ-da sosial media platformalarının uşaqlara münasibətdə tətbiq etdiyi qaydaların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

Prosesin maliyyə tərəfi də diqqət çəkir. Dörd ştatın irəli sürdüyü hesablamalara əsasən, potensial cərimələrin məbləği 1,4 trilyon dollara qədər çata bilər. Lakin hakim Yvonne Gonzalez Rogers hər iki tərəfin təqdim etdiyi cərimə hesablamalarını həddindən artıq hesab edib.

Meta isə ittihamları qəbul etmir və şirkətin uşaqların təhlükəsizliyinin qorunması istiqamətində çoxsaylı tədbirlər gördüyünü bildirir. Şirkət məhkəmədə ştatların irəli sürdüyü iddialara qarşı öz mövqeyini müdafiə edəcək.

Məhkəmənin açılış çıxışlarının 18 avqustda başlaması planlaşdırılır. Bu səbəbdən qarşıdakı proses ABŞ-da sosial media şirkətlərinin uşaqlar qarşısında məsuliyyəti baxımından mühüm hüquqi sınaq hesab olunur.

Mənbə:  AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Çin humanoid robot bazarında qlobal tədarükün 97 faizindən çoxuna nəzarət edir

Aynur Camal

Telefonları öz-özünə idarə edən süni intellekt gəlir

Aynur Camal

Meta Avstraliyada 16 yaşdan aşağı istifadəçilərin sosial media hesabını bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu