Bugun.tv xəbər verir ki, Cənubi Koreyada iki Michelin ulduzlu restoranın sahibi və baş aşpazı qida təhlükəsizliyi qanunlarını pozmaqda ittiham olunur.
Seulun Qanqnam rayonunda fəaliyyət göstərən restoranın müştərilərə təqdim etdiyi sorbe desertinin üzərinə turşməzə dad vermək məqsədilə qurudulmuş qarışqalar əlavə etdiyi müəyyən edilib. Məsələ sosial şəbəkələrdə yayılan paylaşımlar və bloq yazılarından sonra Cənubi Koreyanın Qida və Dərman Təhlükəsizliyi Nazirliyinin diqqətini cəlb edib və araşdırma başlanıb.
Ölkə qanunvericiliyinə əsasən, yalnız müəyyən növ həşəratların qida kimi istifadəsinə icazə verilir. Qarışqalar isə təsdiqlənmiş siyahıya daxil deyil və onların istifadəsi üçün əvvəlcədən xüsusi icazə alınmalıdır.
Prokurorluğun iddiasına görə, restoran ABŞ və Taylanddan idxal edilən qarışqalardan istifadə etməklə son dörd il ərzində minlərlə porsiya desert satıb.
Restoran rəhbərliyi ittihamları qismən rədd edərək bildirib ki, göstərilən rəqəmlər həqiqəti əks etdirmir və hər bir müştəri qarışqa əlavəsini qəbul etməyib. Müdafiə tərəfi həmçinin qeyd edib ki, aşpaz əvvəllər ABŞ və Avropada işləyərkən eyni üsuldan istifadə edib və bunun Cənubi Koreyada qanunsuz olduğunu bilməyib.
Prokurorluq aşpaz üçün bir il azadlıqdan məhrumetmə, restoranı idarə edən şirkət üçün isə iri məbləğdə cərimə istəyib. Məhkəmənin yekun qərarının payız aylarında açıqlanacağı gözlənilir.
Mənbə: Trt.haber

