Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın Durham Universitetinin alimləri Samanyolu qalaktikasının milyardlarla il əvvəl kiçik qalaktikalarla toqquşmalar nəticəsində oxunun tədricən dəyişdiyini və bir vaxtlar demək olar ki, tamamilə yan vəziyyətə gəldiyini müəyyən ediblər.
Kosmoloji simulyasiyalar əsasında aparılan araşdırmaya görə, Samanyolunun ulduz, qaz və toz buludlarından ibarət əsas diski onu əhatə edən qaranlıq maddə haləsi daxilində 90 dərəcədən çox əyilib.
Alimlər hesab edirlər ki, təxminən 10 milyard il əvvəl Samanyolunun “Gaia Sausage” (Gaia Kolbasası) adlandırılan başqa bir qalaktika ilə toqquşması bu dəyişikliyə səbəb olub. Güclü cazibə qüvvəsinin təsiri qalaktikanın diskini tədricən əyərək ulduz haləsinin fırlanma sürətini azaldıb.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf Samanyolunun qeyri-adi quruluş xüsusiyyətlərini izah etməyə kömək edir. Çin Elmlər Akademiyasının apardığı paralel araşdırma da qaranlıq maddə haləsi ilə ulduz diskinin bir-birinə perpendikulyar yerləşdiyini təsdiqləyərək bu nəzəriyyəni dəstəkləyib.
Mütəxəssislərin fikrincə, milyardlarla il davam edən bu proses nəticəsində qalaktikadakı ulduzların mövqeyi və Yer səmasında görünən bürclərin düzülüşü də tamamilə dəyişib.
Mənbə: Trt.haber

