Bugun.tv xəbər verir ki, süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən ABŞ-ın Anthropic şirkəti səhmlərinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə 81,3 milyard dollar vəsait cəlb edərək dünya maliyyə bazarlarında rekorda imza atıb.
“Al Jazeera”nın 19 noyabr tarixli məlumatına görə, şirkətin səhmləri hər biri 83 dollardan satışa çıxarılıb. Ümumilikdə şirkət və onun yeddi həmtəsisçisi 980 milyon səhm təqdim edib. İnvestorların marağının gözləniləndən xeyli yüksək olması səbəbindən təklifin həcmi artırılıb.
Bu göstərici iyun ayında 75 milyard dollarlıq səhm təklifi ilə rekorda imza atan “SpaceX” şirkətinin nəticəsini də geridə qoyub.
Səhm satışından sonra Anthropic şirkətinin bazar dəyərinin təxminən 1,5 trilyon dollar olacağı qiymətləndirilir. Bu göstərici ilə şirkətin dünyanın ən böyük şirkətləri sırasında yer alacağı bildirilir.
2021-ci ildə yaradılan Anthropic süni intellekt sahəsində tanınan şirkətlərdən biridir. Onun hazırladığı “Claude” süni intellekt köməkçisi dünya üzrə geniş istifadə olunur.
Şirkətin səhmlərinin 19 noyabr tarixində Nyu-Yorkun Nasdaq fond birjasında “ANT” işarəsi ilə ticarətə başlaması nəzərdə tutulur.
Mənbə: Al Jazeera
