Image default
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu SEPAH tərəfindən pozulmağa çalışılır

“ABŞ ilə İran arasında imzalanmış memorandumun pozulmasına yönəlmiş addımlar məhz İran daxilindəki mühafizəkar qanad və SEPAH tərəfindən atılır”.

Bugun.tv– xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşdığı şərhdə bildirib.

“SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərini atəşə tutması və buna cavab olaraq ABŞ-ın SEPAH-ın hərbi obyektlərinə, o cümlədən Bəndər-Abbas limanı yaxınlığındakı mövqelərə zərbələr endirməsi, həmçinin İran nefti ilə bağlı sanksiya güzəştlərinin və lisenziyaların ləğv edilməsi göstərir ki, proseslər artıq lokal hərbi qarşıdurma müstəvisinə keçməkdədir”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, İran daxilində mühafizəkar qanad ABŞ-İran memorandumu və növbəti mərhələdə yekun sazişin imzalanmasını qəti şəkildə qəbul etmək istəmir. O qeyd edib ki, Prezident Məsud Pezeşkianın Ali Rəhbərin dəfn mərasimində müəyyən qruplar tərəfindən ABŞ-la memorandum imzalamaqda və güzəştlərə getməkdə ittiham olunması, hətta “xain” adlandırılması, eləcə də xarici işlər naziri Abbas Əraqçının əleyhinə şüarların səsləndirilməsi İran daxilində islahatçılarla mühafizəkarlar arasında qarşıdurmanın daha da dərinləşdiyini göstərir.

Siyasi ekspert vurğulayıb ki, ABŞ-la memorandumun imzalanması islahatçıların və hökumətin siyasi mövqelərini gücləndirirdi. Onun fikrincə, bu vəziyyət SEPAH daxilindəki mühafizəkar qrupları və ümumilikdə sərt xətt tərəfdarlarını ciddi şəkildə narahat edir. Buna görə də onlar sazişin pozulmasında və ABŞ-la gərginliyin davam etməsində maraqlıdırlar. Ekspert hesab edir ki, mövcud gərginlik şəraitində ölkə daxilində təhlükəsizlik və idarəetmə mexanizmlərində SEPAH-ın təsir imkanları daha da artır.

Məhəmməd Əsədullazadə bildirib ki, bu səbəbdən ABŞ ilə İran arasında yekun razılaşmanın əldə olunması müəyyən müddətə təxirə düşə bilər. Onun sözlərinə görə, İranın siyasi sistemi daxilində fikir ayrılıqları dərinləşməkdə davam edir və ABŞ-ın növbəti mərhələdə SEPAH-ın hərbi və logistik obyektlərinə qarşı təzyiq siyasətini davam etdirməsi istisna deyil.

Ekspert sonda qeyd edib ki, ABŞ-İran münasibətlərində vəziyyət hələ də sabitləşməyib və proses yenidən dalana dirənmək üzrədir. Onun fikrincə, tərəflərin İslamabadda növbəti görüşü və danışıqları davam etdirməsi planlaşdırılsa da, İran daxilindəki mühafizəkar qruplar bu prosesi pozmağa çalışırlar.

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunda dörddəbir finalın bütün iştirakçıları müəyyənləşdi

Aynur Camal

NATO liderləri Trampın alyansa sadiqliyini təsdiqləməsini gözləyirlər

Aynur Camal

Tramp: İranla atəşkəs artıq bitdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu