Siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin ABŞ-dan F-35 qırıcıları almasının qarşısını almağa çalışır.
Ekspertin sosial media hesabında sözlərinə görə, Türkiyədə keçirilən NATO-nun son Zirvə Toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdən sonra Ankaranın yenidən F-35 proqramına qoşulması və qırıcı təyyarələrin Türkiyəyə verilməsi ilə bağlı razılıq əldə olunub.
Məhəmməd Əsədullazadə hesab edir ki, bu proses reallaşarsa, Türkiyənin Hərbi Hava Qüvvələrinin imkanları əhəmiyyətli dərəcədə artacaq və ölkənin regiondakı hava üstünlüyü daha da möhkəmlənəcək. Onun fikrincə, İsrail bu prosesi diqqətlə izləyir və Benyamin Netanyahu Donald Trampla görüşündə Türkiyəyə F-35 təyyarələrinin verilməməsini xahiş edəcək.
Ekspert vurğulayıb ki, ABŞ administrasiyasının müdafiə siyasəti ilk növbədə Vaşinqtonun milli və strateji maraqlarına əsaslanır. Buna görə də bu məsələdə yekun qərarın ABŞ tərəfindən veriləcəyini qeyd edib.
Əsədullazadənin sözlərinə görə, Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş ABŞ–Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. O bildirib ki, Vaşinqton və Ankara son illərdə, xüsusilə Suriya istiqamətində müəyyən əməkdaşlıq formatları formalaşdırıb və bu da strateji dialoqun davam etdirilməsində qarşılıqlı marağın olduğunu göstərir.
Siyasi ekspert əlavə edib ki, ABŞ üçün Türkiyə təkcə NATO müttəfiqi deyil, həm də Yaxın Şərq, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyada mühüm geosiyasi tərəfdaşdır. Onun fikrincə, Vaşinqtonun Ankara ilə hərbi və strateji əməkdaşlığı genişləndirməyə çalışması mümkündür.
Bununla yanaşı, ekspert qeyd edib ki, Türkiyənin F-35 proqramına tam şəkildə qaytarılması və qırıcıların təhvil verilməsi ilə bağlı yekun qərar ABŞ Konqresinin mövqeyindən, hüquqi prosedurlardan və ikitərəfli danışıqların nəticəsindən asılı olacaq.
