Ötən əsrin 70-ci illərində gigiyena vasitəsi kimi istifadəyə başlanılan nəm salfetlər əslində heç də gigiyenik deyil. Hətta ətraf mühit üçün ən təhlükəli tullantılardan hesab olunur. Bunu biz yox, araşdırmalar və alimlər belə deyir.
Daşınması rahat olan yaş salfetlərdən tez-tez istifadə edirik. Hər zaman köməyimizə çatan bu məhsuldan əllərimizi, üzümüzü silmək, istidə sərinləmək, iş stolunun təmizlənmək kimi müxtəlif məqsədlər üçün yararlanırıq.
Bugun.tv xəbər verir ki, alimlər ilk dəfə nəm salfetlərin təhlükələri haqqında danışıblar. Britaniyalı tədqiqatçılar antibakterial salfetlərin bakteriyaları öldürmədiyini, sadəcə onları bir yerdən başqa yerə köçürdüyünü iddia edirlər. Bu məhsuldan evdə və xəstəxanada istifadə etmək isə xüsusilə təhlükəlidir. Çünki nəm salfetlər sözügedən şəraitdə infeksiyaların yayılması riskini artırır.
Amerikalı alimlər uşaqlar üçün gigiyenik sayılan salfetləri sınaqdan keçiriblər.Tədqiqatın nəticəsi isə xoşagəlməz olub. Onların tərkibində dəriyə zərər verən təhlükəli kimyəvi maddələrin olduğu ortaya çıxıb. Müəyyən edilib ki, nəm salfetlərin qalıqları dəridən yuyulmasa, uşaqlarda allergik reaksiyalar əmələ gələ bilir.
Əsasən də pandemiyadan sonra mikroblardan qorunmaq üçün demək olar ki, hər kəsin çantasında nəm salfetlər var. Amma onlar təkcə sağlamlıq üçün deyil, həm də ətraf mühit üçün təhlükə yaradır.
Marines Legamaat adlı mütəxəssisin sözlərinə görə, Böyük Britaniya ilə birlikdə aparılan araşdırmalar göstərib ki, kanalizasiya sistemində mövcud tıxanmalara səbəb məhz yaş salfetlərdir.
“Bu getdikcə daha da ağır vəziyyət yarada bilər. Təkrar emalı mümkün olmayan və təbiətdə qalan tullantılardan biri də nəm salfetlərdir. Hazırlanma tərkibinə görə onlar parçalanmır. Nəticədə zibillikdə quruyur və plastik torbalar kimi küləklə havaya uçur”,- mütəxəssislər bildirir.