Bugun.TV xəbər verir ki, Çində həyata keçirilən Cənubdan Şimala Su Köçürülməsi Layihəsi ölkənin su ehtiyatlarının cənub və şimal bölgələri arasında daha səmərəli bölüşdürülməsinə imkan verib. Layihə indiyədək 90 milyard kubmetrdən çox suyun köçürülməsini təmin edib və təxminən 200 milyon insanın həyatına təsir göstərib.
Çin Su Ehtiyatları Nazirliyi və Çin Cənubdan Şimala Su Köçürülməsi Korporasiyasının məlumatlarına istinad edən China Daily bildirir ki, layihə iki əsas marşrut üzrə fəaliyyət göstərir.
Mərkəzi marşrut Hubey əyalətindəki Danzyankou su anbarından başlayır, Henan və Hebey əyalətlərindən keçərək Pekin və Tyantszin şəhərlərinə su çatdırır. Bu istiqamət üzrə suyun verilməsinə 2014-cü il dekabrın 12-də başlanılıb və ümumi köçürülən suyun 80 milyard kubmetri bu marşrutun payına düşüb.
2013-cü ilin noyabrında istifadəyə verilən şərq marşrutu üzrə isə təxminən 10 milyard kubmetr su Tszyansu əyalətindən Tyantszin və Şandun əyalətlərinə yönəldilib.
Layihə müxtəlif bölgələri birləşdirən geniş su kanalları sistemi yaradıb. Bunun sayəsində 48 iri və orta şəhər və 195 milyon insan su təchizatından faydalanıb. Xüsusilə Çinin şimalında içməli suyun keyfiyyətinin yaxşılaşdığı bildirilir.
Layihənin tam gücü ilə fəaliyyətə başlamasından sonra su təchizatının etibarlılığı artıb. Sistem həmçinin daşqınların qarşısının alınması, quraqlıqla mübarizə və təbii fəlakətlərin təsirlərinin azaldılmasında mühüm rol oynayır.
Mənbə: China Daily
