Image default
Texnologiya

NASA ilk robotik kosmik əməliyyata başladı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) orbitdən tədricən uzaqlaşaraq Yerə doğru enən Swift kosmik teleskopunu xilas etmək üçün tarixdə ilk robotik kosmik xilasetmə əməliyyatına start verib.

Məlumata görə, 2004-cü ildə orbitə buraxılan və təxminən minik avtomobili ölçüsündə olan Swift teleskopu yüksək enerjili kosmik partlayışları və kainatın erkən dövrlərini öyrənmək üçün istifadə olunur.

İlk buraxılış zamanı 600 kilometr yüksəklikdə fəaliyyət göstərən teleskop Günəş aktivliyinin artması nəticəsində Yer atmosferinin genişlənməsi səbəbindən hava müqaviməti ilə üzləşib. Nəticədə son iki ildə onun orbiti sürətlə aşağı enərək təxminən 360 kilometr hündürlüyə qədər geriləyib.

Alimlər hesab edirlər ki, unikal elmi imkanlara malik olan Swift teleskopunun atmosferdə yanaraq məhv olmasının qarşısı alınmalıdır.

Teleskopun xilas edilməsi missiyasını ABŞ-ın Arizona ştatında fəaliyyət göstərən Katalyst Space Technologies şirkəti həyata keçirir. Şirkət cəmi səkkiz ay ərzində LINK adlı üç robot qolu ilə təchiz olunmuş xüsusi kosmik aparatı hazırlayıb.

Soyuducu ölçüsündə olan LINK aparatı kameralar, istiqamətləndirmə sistemləri və kiçik mühərriklərlə təchiz edilib. Yaxın həftələrdə sistemlərini mərhələli şəkildə işə salacaq aparat hərəkətdə olan Swift teleskopuna yaxınlaşaraq onu müxtəlif bucaqlardan müşahidə edəcək.

Teleskop əvvəlcədən robot tərəfindən tutulmaq üçün layihələndirilmədiyi üçün yaxınlaşma və birləşmə prosesi olduqca dəqiq və ehtiyatla həyata keçiriləcək.

Missiyanın ən vacib mərhələsində LINK üç robot qolundan istifadə edərək teleskopu tutacaq. Əməliyyat uğurla başa çatarsa, aparat kiçik mühərriklərini işə salaraq iki-üç ay davam edəcək manevr nəticəsində Swift teleskopunu yenidən təhlükəsiz hesab edilən 600 kilometrlik orbitə qaldıracaq.

NASA bildirir ki, əməliyyat uğurla nəticələnsə, bu, kosmos tarixində ilk robotik xilasetmə missiyası olacaq və gələcəkdə Hubble kimi daha iri kosmik teleskopların orbitdə təmiri və xilas edilməsi üçün yeni imkanlar yaradacaq.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Smartfonlar üçün yeni dövr: Telefonlar artıq daha sürətli doldurulacaq

Aynur Camal

Azərbaycanlı mütəxəssislər Çində keçirilən “Jetour” təlimini uğurla başa vurdular

Aynur Camal

Şəhər üçün qeyri-adi nəqliyyat: Ayaq üstə idarə olunan Halfbike Pro təqdim edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu