Bugun.tv xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi ölkədə piylənmə ilə mübarizə məqsədilə fastfud və yüksək şəkər tərkibli məhsulların reklamına yeni məhdudiyyətlər tətbiq etməyi təklif edib.
Nazirliyin hazırladığı proqramın 2027-ci ilin son rübündən həyata keçirilməsi planlaşdırılır. Layihəyə əsasən, tərkibində yüksək miqdarda şəkər olan məhsulların və fastfudun reklamının səhər saat 07:00-dan axşam 22:00-dək televiziya kanallarında yayımlanması qadağan ediləcək. Bundan başqa, reklamlarda bu məhsulların təhlükəsiz olduğu barədə iddiaların, eləcə də insan, heyvan və məşhur cizgi filmi personajlarının istifadəsinə icazə verilməyəcək.
Sənəddə həmçinin məhsulların üzərində duz, şəkər və yağ miqdarını göstərən “işıqfor” tipli rəngli etiketləmənin məcburi tətbiqi nəzərdə tutulur. Bu sistem alıcılara məhsulun tərkibini daha asan qiymətləndirməyə imkan verəcək. Bundan əlavə, şəkərli qazlı içkilərə aksiz vergisinin genişləndirilməsi və transyağ tərkibi yüksək olan məhsullara əlavə rüsumların tətbiqi də proqramda əksini tapıb. Ümumilikdə proqram piylənmənin profilaktikası, müalicəsi və sağlam həyat tərzinin təşviqi ilə bağlı 34 tədbiri özündə birləşdirir.
Lakin təkliflər ərzaq istehsalçıları tərəfindən birmənalı qarşılanmayıb. Onlar hesab edirlər ki, yeni qaydalar daha ətraflı işlənməlidir. İstehsalçılar bildirirlər ki, məcburi “işıqfor” etiketlənməsi kərə yağı, pendir və mürəbbə kimi ənənəvi məhsulları da əhatə edə bilər. Onların fikrincə, bu məhsullar normada istifadə olunduqda sağlamlıq üçün təhlükə yaratmır.
Klinik psixoloq Kira Makarova bildirib ki, reklam insanların qida seçimlərinə ciddi təsir göstərir. Onun sözlərinə görə, insan psixologiyasında “tələbat standartı” anlayışı mövcuddur və insanlar ətrafdakılarda gördükləri məhsullara daha çox maraq göstərirlər.
Psixoloq xüsusilə uşaq və yeniyetmələrin reklamın əsas hədəf auditoriyası olduğunu vurğulayıb. O qeyd edib ki, azyaşlılar hələ şüurlu seçim etmə bacarığına tam yiyələnmədikləri üçün reklamın təsiri altına daha tez düşürlər.
Makarovanın fikrincə, problemin əsas səbəbi təkcə reklam olunan məhsullar deyil, onların təqdimat üsuludur. Reklamlar daha yüksək səslə, emosional və aqressiv formada təqdim olunur ki, bu da insanlarda impulsiv alış-veriş vərdişi yaradır.
Psixoloq hesab edir ki, insan görmədiyi məhsulu zamanla unudur, lakin fastfud və şirniyyatların reklamı televiziyada, mağazalarda və sosial şəbəkələrdə davamlı qarşısına çıxdıqda beyin həmin məhsulları daha cəlbedici qəbul edir.
Onun sözlərinə görə, piylənmə yalnız reklamın nəticəsi deyil. Stress, psixoloji gərginlik, düzgün qidalanma vərdişlərinin formalaşmaması və fiziki aktivliyin azlığı da bu problemin yaranmasına səbəb olur. Makarova vurğulayıb ki, fastfud və şirniyyatı tam qadağan etmək çıxış yolu deyil, əsas məsələ sağlam qidalanma mədəniyyətinin uşaqlıqdan formalaşdırılması və insanların öz qida seçimlərinə nəzarət etməsidir.
Endokrinoloq Anna Terexova isə reklam məhdudiyyətlərini müsbət addım kimi qiymətləndirib. Onun fikrincə, bu tədbirlər problemin tam həlli olmasa da, müəyyən insanların yanlış qidalanma vərdişlərindən uzaqlaşmasına kömək edə bilər.
Həkim bildirib ki, ən yaxşı nəticə zərərli məhsulların reklamı ilə yanaşı, onların sağlamlığa təsiri barədə maarifləndirici məlumatların da eyni səviyyədə geniş şəkildə yayımlanması ilə əldə oluna bilər. Bununla belə, reklam bazarının iqtisadi sistemdə mühüm yer tutduğunu xatırladan Terexova, bu sahədə ciddi dəyişikliklərin həyata keçirilməsinin asan olmayacağını qeyd edib.
Ekspertlərin ümumi qənaətinə görə, piylənmə ilə mübarizədə reklam məhdudiyyətləri faydalı olsa da, problemin həlli üçün sağlam qidalanma vərdişlərinin formalaşdırılması, fiziki aktivliyin artırılması və əhalinin davamlı maarifləndirilməsi əsas rol oynayır.
Mənbə: mail.ru

