Bugun.tv xəbər verir ki, NASA-nın elmi təcrübəsi çərçivəsində laboratoriyada yetişdirilən miniatür insan beyni modelləri Beynəlxalq Kosmik Stansiyaya çatdırılıb. Tədqiqatın əsas məqsədi kosmik mühitin beyin hüceyrələrinə təsirini və bu təsirlərin insan sağlamlığı ilə əlaqəsini öyrənməkdir.
TRT Haber-in “The Independent” nəşrinə istinadən yaydığı məlumata görə, üçölçülü sinir toxumasından ibarət bu modellər SpaceX-in CRS-35 kommersiya təchizat missiyası ilə stansiyaya göndərilib. Nümunələr bir neçə həftə ərzində kosmosda saxlanılacaq.
Alimlər mikroqravitasiyanın və kosmik radiasiyanın beyin hüceyrələrində yaratdığı dəyişiklikləri araşdıracaqlar. Bunun üçün kosmosda saxlanılan nümunələr Yer üzündə eyni şəraitdə qorunan analoji nümunələrlə müqayisə ediləcək. Tədqiqatçılar hüceyrə və gen səviyyəsində baş verən dəyişiklikləri müəyyənləşdirməyə çalışacaqlar.
Araşdırmanın nəticələrinin insan beynində yaşlanma proseslərinin və bəzi nevroloji xəstəliklərin daha yaxşı anlaşılmasına kömək edəcəyi gözlənilir. Eyni zamanda, əldə ediləcək məlumatlar gələcəkdə Aya və Marsa uzunmüddətli uçuşlar zamanı astronavtların beyin sağlamlığının qorunması üçün yeni üsulların hazırlanmasında istifadə oluna bilər.
Missiya çərçivəsində mikroqravitasiyanın bitki xəstəliklərinə təsirini öyrənən ayrıca təcrübə də aparılır. Alimlər bu araşdırmaların uzunmüddətli kosmik uçuşlar üçün daha davamlı bitki növlərinin yetişdirilməsinə töhfə verəcəyinə ümid edirlər.
Mənbə: TRT Haber
