Bugun.tv xəbər verir ki, dünya bazarlarında neftin qiyməti ABŞ və İran arasında yenidən artan hərbi-siyasi gərginlik fonunda yüksəlib.
Reuters-in yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla danışıqların nəticəsiz qalacağı təqdirdə Tehrana qarşı daha sərt addımlar atıla biləcəyi barədə xəbərdarlıq edib. Bunun ardınca investorlar Yaxın Şərqdə vəziyyətin daha da pisləşəcəyindən ehtiyatlanmağa başlayıblar.
Məlumata əsasən, Brent markalı neftin qiyməti 94 dolları, ABŞ-ın WTI markalı nefti isə 91 dolları keçib. Analitiklər hesab edirlər ki, xüsusilə Hörmüz boğazında yaranan risklər qlobal enerji bazarına ciddi təsir göstərir.
Bundan əlavə, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi və bölgədə hərbi fəaliyyətin artması bazarlarda narahatlığı daha da gücləndirib. ABŞ Enerji İnformasiya Administrasiyasının açıqladığı son statistikaya görə, ölkənin neft ehtiyatlarında da gözləniləndən çox azalma qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, Yaxın Şərqdə gərginliyin davam etməsi neft qiymətlərinin yaxın günlərdə də yüksək səviyyədə qalmasına səbəb ola bilər.
Mənbə: Reuters
