Türkiyəli tanınmış şef və kulinariya tədqiqatçısı Ömür Akkor Neolit dövrə aid qidalanma ənənələrini araşdıraraq 12 min il əvvəl Mezopotamiyada istifadə olunan yeməkləri müasir formada təqdim edib. Layihə Taş Tepeler Projesi çərçivəsində həyata keçirilib və əsas tədqiqatlar Karahantepe ərazisində aparılıb.
Hazırlanan menyu Şanlıurfa Kültür Yolu Festivalı çərçivəsində ictimaiyyətə təqdim olunub. Şef jurnalistlərə 12 min il əvvəlki qidalanma vərdişlərinə əsaslanan yeməkləri təqdim edərək qədim mətbəxin müasir interpretasiyasını nümayiş etdirib.
Menyuya yerli buğdadan hazırlanmış çörək, sadə yağ, qoyun yoğurdu, mövsümi otlar, buğda sıyığı, sümük üzərində bişirilmiş quzu əti və az qovrulmuş Karacadağ düyüsündən hazırlanan yeməklər daxil edilib.
Akkor bildirib ki, bu tədqiqatlar zamanı əsas diqqət “insanlar o dövrdə yeməyi necə bişirirdi?” sualına yönəlib. Onun sözlərinə görə, Neolit dövrdə buğda əsas qida mənbəyi olub və müxtəlif üsullarla – qaynadılaraq, qovrularaq və ya sıyıq formasında istifadə edilib.
Şef həmçinin vurğulayıb ki, Anadolu və Mezopotamiya regionu tarix boyu qida mədəniyyətinin əsas mərkəzlərindən biri olub və bu ərazilər “dünyanın ortaq yaddaşı” hesab edilə bilər. Onun fikrincə, qədim insanların təbiətlə harmoniyada yaşaması bu gün üçün də mühüm dərsdir.
Mütəxəssislər hesab edir ki, bu cür layihələr təkcə kulinariya deyil, həm də tarix, arxeologiya və mədəni irsin qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Mənbə: TrtHaber
