Digər

Nüvə müharibəsi baş verərsə, ABŞ prezidentinin gedəcəyi yer açıqlandı

Dünyada nüvə təhlükəsinin artdığı bir dövrdə ABŞ prezidentinin mümkün hücum zamanı haraya aparılacağı ilə bağlı detallar yenidən gündəmə gəlib.

Xarici medialarda yayılan məlumata görə, ABŞ-a nüvə zərbəsi təhlükəsi yaranarsa, ölkə rəhbərliyi üçün bir neçə gizli sığınacaq və alternativ qərargah mövcuddur. Bu obyektlər prezident, yüksək rütbəli hərbçilər və dövlət rəhbərliyinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.

Əsas ehtimallardan biri Pensilvaniya ştatında yerləşən Raven Rock Mountain Complex (RRMC) hesab olunur. “Yeraltı Pentaqon” kimi tanınan bu hərbi obyekt ABŞ ordusunun fövqəladə idarəetmə mərkəzi kimi fəaliyyət göstərir. Kompleks dağın içində yerləşir və minlərlə insanı qəbul edə biləcək infrastruktura malikdir.

Bundan başqa, Kolorado ştatında yerləşən Cheyenne Mountain Kompleksi də əsas ehtiyat variantlardan biridir. Bu obyekt ABŞ və Kanadanın birgə hava müdafiə sistemi olan NORAD-ın qərargahıdır və nüvə zərbəsinə davamlı şəkildə inşa edilib.

Digər mühüm obyektlərdən biri Virciniyada yerləşən Mount Weather Fövqəladə Əməliyyatlar Mərkəzidir. Bu mərkəz milli fəlakət hallarında prezident, hökumət üzvləri və yüksək vəzifəli şəxslərin köçürülməsi üçün nəzərdə tutulub.

Eyni zamanda, Ağ Ev kompleksinin altında yerləşən Prezidentin Fövqəladə Əməliyyatlar Mərkəzi də ilk müdafiə nöqtələrindən sayılır. Bu bunker xüsusilə böhran vəziyyətlərində operativ qərarların verilməsi üçün istifadə olunur.

Məlumata görə, fövqəladə vəziyyət zamanı ABŞ prezidenti xüsusi hazırlanmış Boeing E-4 tipli təyyarə ilə də ölkədən çıxarıla bilər. “Qiyamət günü təyyarəsi” kimi tanınan bu hava vasitəsi nüvə partlayışından yaranan elektromaqnit təsirlərə qarşı davamlıdır və havada mobil idarəetmə mərkəzi kimi fəaliyyət göstərir.

Ekspertlər qeyd edir ki, bu cür genişmiqyaslı təhlükəsizlik infrastrukturu ABŞ-ın nüvə müharibəsi ssenarilərinə uzun illərdir hazırlaşdığını göstərir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu