New York Times qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İsrailin İrana qarşı başladığı hücumların ilk günlərində sabiq prezident Mahmud Əhmədinejadın yenidən hakimiyyətə gətirilməsi planlaşdırılıb.
Məlumata əsasən, hücumların ilkin mərhələsində Əhmədinejadın evinin yaxınlığında baş verən bombardmanın əsas hədəfi onun özü deyil, ev dustaqlığı prosesinə nəzarət edən İran İnqilab Keşikçiləri Korpusunun əməkdaşları olub.
İddialara görə, hücum zamanı təhlükəsizlik qüvvələrinin bir neçə üzvü həlak olub, Əhmədinejad isə yaralanıb.
Qəzetə danışan Əhmədinejada yaxın mənbə hadisəni “Əhmədinejadı xilasetmə əməliyyatı” kimi qiymətləndirib. Həmin şəxs bildirib ki, ABŞ dairələri sabiq prezidenti mümkün keçid dövrü üçün uyğun fiqur hesab edib.
Məqalədə qeyd olunur ki, Əhmədinejad dövlət idarəçiliyi təcrübəsinə malik olsa da, son illərdə İran hakimiyyətindəki bəzi dairələrlə münasibətlərinin gərginləşməsi onu alternativ siyasi fiqur kimi ön plana çıxarıb.
Xəbərdə həmçinin vurğulanır ki, prezident olduğu dövrdə ABŞ və İsrailə qarşı sərt mövqeyi ilə tanınan Əhmədinejad sonrakı illərdə Qərbə münasibətində daha yumşaq açıqlamalar verib. O, 2019-cu ildə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trump barədə “Tramp iş adamıdır, xərc və fayda hesabını anlaya bilir” ifadəsini işlədib.
Bundan əlavə, Əhmədinejadın 2024 və 2025-ci illərdə Macarıstana səfər etdiyi, burada baş nazir Viktor Orbana yaxın çevrələrin idarə etdiyi universitetdə çıxış etdiyi bildirilib.
Mənbə: Ensonhaber
