Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Türkiyədən gəlmiş kino təhsili mütəxəssisləri ilə görüş keçirilib.
Görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Film, video və videooyunlar sektorunun müdiri Günay Rəhimova, İstanbul Nişantaşı Universitetinin İncəsənət və dizayn fakültəsi radio, kino və televiziya bölümünün rəhbəri Burcu Kurtiş, universitetin müəllimləri Tuna Yıldırım, Ziyad Quliyev və Mustafa Çelik iştirak ediblər.
Söhbət zamanı kino sənətinin inkişafı və bu sahədə təhsilin müasir çağırışlara cavab verən tələblər əsasında yenilənməsi məsələləri müzakirə olunub. İki ölkə arasında mədəniyyətin müxtəlif istiqamətlərində, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, çağımızda kino təhsili böyük əhəmiyyət kəsb edir. Bu sahədə mütəxəssislərin hazırlanması ölkələrin mədəni və intellektual inkişafına mühüm töhfə verir.
Nazir müavini Səadət Yusifova iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinin və birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Türkiyə ilə kino sahəsində də əməkdaşlığa böyük önəm verir. Bu istiqamətdə təcrübə mübadiləsi və qarşılıqlı dəstək hər iki ölkənin kino sənayesinə müsbət təsir göstərəcək. Xüsusilə, gənc kino mütəxəssislərinin yetişdirilməsi, tədris proqramlarının təkmilləşdirilməsi və texnoloji yeniliklərin kino sənayesinə inteqrasiyası zəruridir.
Qonaqlar da kino sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihə və proqramlar artırılması, tədris prosesində beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini qeyd ediblər.
Mənbə: Mədəniyyət Nazirliyi