25 C
Baku
27 Sentyabr 2026, 11:37
Baş xəbər

Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən altı il ötdüyü qeyd olunub. Ombudsman bildirib ki, bu tarix Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, münaqişənin yaratdığı ağır humanitar nəticələrin aradan qaldırılması, müharibə zamanı törədilmiş cinayətlərin araşdırılması və uzun illər ərzində pozulmuş hüquqların bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

Səbinə Əliyeva qeyd edib ki, Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların fundamental hüquqlarının bərpası istiqamətində yeni mərhələ başlayıb.

Bəyanatda müharibə zamanı mülki əhalinin həyat və sağlamlığına zərər dəydiyi, yaşayış məntəqələrinin və sosial infrastrukturun dağıdıldığı vurğulanıb. Ombudsman bildirib ki, silahlı münaqişələr zamanı ən ağır yükü dinc əhali daşıyır və mülki şəxslərin beynəlxalq humanitar hüquqa uyğun müdafiəsi daim diqqətdə saxlanılmalıdır.

Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Bərdə, Naftalan, Tərtər və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğunu və yaralandığını, yaşayış evləri, sosial, təhsil, səhiyyə, dini və digər mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Ombudsmanının həmin dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar nəticəsində bu hallar hesabatlarda sənədləşdirilib.

Bəyanatda mülki əhali və obyektlərin hədəfə alınması ilə bağlı faktların obyektiv və hərtərəfli araşdırılmasının, təqsirli şəxslərin müəyyən edilərək milli və beynəlxalq hüquq normalarına uyğun məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulanıb.

Səbinə Əliyevanın sözlərinə görə, münaqişə nəticəsində pozulmuş insan hüquqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması postmünaqişə dövrünün əsas humanitar prioritetlərindəndir.

Ombudsman işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin, insanların doğma yurdlarına qayıdışının və fundamental hüquqlarının təmin edilməsinin sülh və dayanıqlı inkişaf üçün əhəmiyyətini qeyd edib.

Bəyanatda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsi və sülh sazişinin yekunlaşdırılması istiqamətində əldə olunan nəticələrin regionun gələcəyi baxımından əhəmiyyətli olduğu bildirilib. Səbinə Əliyeva əldə olunmuş sülh imkanlarının qorunmasının və davamlı sülhə çevrilməsinin beynəlxalq təşkilatlar, dövlətlər, insan hüquqları təsisatları və vətəndaş cəmiyyəti üçün mühüm məsuliyyət yaratdığını vurğulayıb.

Ombudsman şəhidlərin xatirəsini ehtiramla yad edib, onların ailələrinə səbir, müharibə iştirakçılarına və müharibədən zərər çəkmiş insanlara sağlam və firavan gələcək arzulayıb.

Bəyanatda qeyd olunub ki, şəhidlərin xatirəsinə ən böyük ehtiram gələcək nəsillərin müharibə və zorakılıqdan uzaq, sülh, təhlükəsizlik və rifah şəraitində yaşamasına nail olmaqdır.

Bəyanat BMT-nin Baş Katibi, BMT Təhlükəsizlik Şurası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin İnsan Hüquqları Şurası, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və bir sıra beynəlxalq insan hüquqları təşkilatlarının rəhbərləri, müxtəlif ölkələrin ombudsmanları və milli insan hüquqları institutları, eləcə də xarici ölkələrdəki diplomatik nümayəndəliklər və diaspor təşkilatlarına göndərilib.

Aynur Camal

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü qeyd olunur

Aynur Camal

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu