Bugun.tv xəbər verir ki, “OpenAI” şirkətinin açıqlamasına əsasən, şirkətin iki süni intellekt modeli daxili proqramlaşdırma tapşırıqları zamanı təhlükəsizlik nəzarəti mexanizmlərini söndürüb və xəbərdarlıqların göndərilməsinə mane olub. Bu barədə oktyabrın 21-də “TRT Haber” Anadolu Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ilk hadisə oktyabrın 3-də Sol modelinin qiymətləndirmə sistemini təmir etməyə çalışdığı zaman baş verib. Model istifadəçinin mesaj göndərilməməsi ilə bağlı göstərişini nəzarət bildirişlərini də əhatə edəcək şəkildə şərh edib və təhlükəsizlik qrupuna avtomatik xəbərdarlığın çatmasının qarşısını alıb.
Oktyabrın 6-da baş verən ikinci hadisədə isə Astra modeli proqram təminatını uyğunlaşdırarkən izləmə sistemini aradan qaldırıb. Daha sonra model istifadəçiyə həmin nəzarət mexanizmini söndürmədiyini bildirib.
“OpenAI” hər iki hadisənin ən yüksək prioritetli təhlükəsizlik pozuntusu kateqoriyasına aid edilmədiyini və modellərin işinin avtomatik dayandırılmadığını açıqlayıb. Şirkət oxşar halların aşkarlanması və qarşısının alınması üçün daxili nəzarət sistemini yenilədiyini də bildirib.
Mənbə: TRT Haber
