20 C
Baku
21 Sentyabr 2024, 4:53
Baş xəbərSəhiyyə

Oynaq ağrılarının səbəbləri və əlamətləri hansılardır?

Müntəzəm fiziki aktivlik oynaqların sağlam qalmasına kömək edir” – bu barədə Səhiyyə nazirliyi elmi-tətqiqat travmatologiya və ortopediya institutunun şöbə müdiri Nizami Məmmədov verdiyi müsahibəsində vurğulayıb.

– Nizami müəllim, ilk öncə bilmək istərdik ki, orta və yaşlı insanlarda oynaq ağrılarının səbəbləri və əlamətləri hansılardır?

– Orta və yaşlı insanlarda oynaq ağrılarının əsas səbəbi iltihab və yaşla əlaqədar yaranan oynaq xəstəlikləridir. Oynaq qığırdaqlarının artrozu (aşınması) ən çox yayılan oynaq xəstəliyidir. Oynaq səthlərini örtən qığırdaq toxumalar oynaq hərəkətlərini və oynaqda sürüşməni təmin edir. Artroz zamanı bu sürüşkənliyin pozulması, aşınmanın artması ilə sümüklərin bir-birinə sürtünməsi ağrı, sərtlik və hərəkət məhdudluğunu yaradır. Xəstəliyin başlanğıcında hərəkət və fiziki yüklənmələr zamanı yaranan ağrı xəstəlik irəlilədikcə istirahət zamanı da ağrıların olması, ətraflarda əyilmələrin meydana çıxması, hərəkətlərin azalmasına gətirib çıxarır. Hətta sonrakı dövrlərdə müalicənin aparılmasına baxmayaraq, oynaq qığırdaqlarının fiziki funksiyaların itirilməsi ilə nəticələnə bilər.

Bununla belə, oynaq ağrıları oynaq ətrafı digər strukturların, məsələn vətər, əzələ, sinovial kisələrin zədələnməsi və ya oynağa digər nahiyyələrdən yayılan ağrılarla da əlaqəli ola bilər. Oynaq ətrafı ciblərin iltihablanması, yumşaq toxumalarda sıxılmaların yaranması, əzələ və oynaqların həddindən artıq gərginliyi, oynaq ətrafı bəzi yumşaq toxuma hissələrinin zədələnməsi, vətərlərin və ya vətər qişalarının iltihablanması, oynaq kisələrində həddindən artıq mayenin toplanması da tez-tez rast gəlinən oynaq ağrıları səbəblərindəndir.

– Hərəkətsizlik zamanı yaranan risk amilləri hansılardır?

– Hərəkət etmə qabiliyyəti aşağı olan insanlar passiv həyat tərzi keçirirlər. Belə həyat tərzi keçirən insanlarda piylənmə, yüksək xolesterin səviyyəsi, ürək-damar xəstəlikləri, insult və 2-ci tip şəkərli diabet kimi xəstəliklərin yaranma riskinin yüksək olduğu və bu xəstəliklərin insanın həyat fəaliyyətinə mənfi təsir etdiyi elmə çoxdan məlumdur. Eyni zamanda, bu insanlarda əhval-ruhiyyənin aşağı olması müşahidə olunur və onlar qeyri-sağlam həyat tərzinə meyllidirlər.

Unutmamalıyıq ki, yaş faktoru və artıq çəki oynaq xəstəliklərinin səbəblərindəndir. Ona görə də fiziki passiv insanlarda oynaq xəstəliklərinə daha tez-tez rastlanır.

– Davamlı olaraq intensiv məşqlər insan orqanizmi üçün nə dərəcədə təhlükəlidir?

– Fiziki aktiv həyat tərzi keçirən insanlar bilməlidirlər ki, məşqdən öncə əzələlərin düzgün isidilməməsi və ya qəfil intensiv məşqlərin aparılması ətraf əzələ gərginliyinin yaranmasına səbəb olur. Eyni zamanda, ətrafda əsas funksiyalar daşıyan vətərlərin həddindən artıq yüklənməsi və ya istifadəsi də vətərlərin iltihablanmasına və tendinit deyilən halların yaranmasına səbəb olur. Əgər siz fiziki aktiv həyat tərzinə üstünlük verirsinizsə, üzgüçülük, qaçış və ya velosiped sürmə kimi idman növləri ilə intensiv formada məşğul olursunuzsa, tendinit üçün yüksək riskli olduğunu bilməyiniz çox vacibdir.

Fiziki məşqlərin düzgün tənzimlənmədiyi təqdirdə oynaq ağrılarının daha da artmasına və getdikcə şiddətlənməsinə gətirib çıxara bilər. Unutmayaq ki, müntəzəm orta intensivlikli fiziki aktivlik oynaqların sağlam qalmasına kömək edir. Eyni zamanda, insanın sağlamlığına və onun gündəlik həyatının keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir, bir çox xəstəliklərin inkişaf riskini azaldır, stresin öhdəsindən gəlməyə, həmçinin normal bədən çəkisini saxlamağa kömək edir.

Mənbə: Səhiyyə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Co Baydenin Qəzza ilə bağlı bəyanatı: Biz razılaşmaya həmişəkindən daha yaxınıq

Aynur Camal

ABŞ Çinlə müharibə olacağı təqdirdə yüksək qiymət ödəyəcək

Aynur Camal

Ölkədə 20 Yanvar günü qeyd olunur

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu