Bugun.tv xəbər verir ki, Taylandda futbol matçı zamanı meydana ildırım düşüb. Bir futbolçu həyatını itirib, çoxsaylı digər oyunçular isə xəsarət alıb.

İldırım, günorta saatlarında Taylandın cənubundakı Narathivat əyalətində güclü yağış altında keçirilən matç zamanı meydana düşüb. İldırım meydanın mərkəzinə düşərkən bir neçə oyunçu yerə yıxılıb. Tibb qrupları ilkin yardım göstərmək üçün meydana daxil olub. “FC Yala” klubunun 27 yaşlı futbolçusu Sofvan Avae bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib, digər doqquz futbolçu isə xəsarət alıb.

“FC Yala” klubu sosial media hesabında yaydığı açıqlamada Sofvan Avaenin ölümünü təsdiqləyib və onun ailəsinə, yaxınlarına başsağlığı verib. Eyni zamanda, Tayland idman ictimaiyyətindəki bir çox klub və idman təşkilatı da faciəvi hadisə ilə bağlı başsağlığı mesajları yayımlayıb. Bildirilib ki, Sofvan Avae ötən mövsüm “Pattani FC” heyətində 18 oyunda 7 qol vuraraq komandasının Tayland 2-ci Liqasına yüksəlməsində mühüm rol oynayıb və cəmi bir neçə gün əvvəl “FC Yala” ilə müqavilə imzalayıbmış.
