Fransanın paytaxtı Paris şəhərinin şimal ətrafında II Dünya müharibəsindən qalan partlamamış bomba səbəbindən minlərlə insan təxliyə olunub.
Hadisə Colombes bölgəsində qeydə alınıb. Məlumata görə, sakinlərə bazar günü yerli vaxtla saat 07:00-dək evlərini tərk etmələri tapşırılıb. Polis əməliyyatı çərçivəsində bombanın yerləşdiyi nöqtədən 450 metr radiusda yaşayan bütün vətəndaşlar təhlükəsizlik məqsədilə ərazidən uzaqlaşdırılıb.
Fransa mediasının yaydığı xəbərlərə əsasən, ilkin mərhələdə bombanın fünyesini çıxarmaq cəhdi uğursuz olub. Bu səbəbdən mütəxəssislər sursatı yerində nəzarətli partlayışla zərərsizləşdiriblər. Hauts-de-Seine Valiliyi əməliyyatın uğurla başa çatdığını və axşam saatlarında məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.
Bomba tikinti zamanı aşkar edilib
Qeyd olunur ki, təhlükəli sursat aprelin 10-da Rue des Champarons küçəsində aparılan tikinti işləri zamanı aşkar edilib. Bundan sonra ərazi mühafizəyə götürülüb və bomba üzəri qumla örtülərək zərərsizləşdirmə prosesinə hazırlıq görülüb.
Əməliyyat öncəsi açıqlama verən yerli rəsmi Alexandre Brugère prosesin yüksək riskli olduğunu bildirib. Təxliyə zonasına nəzarət üçün təxminən 800 polis əməkdaşı cəlb olunub. Daha geniş – 1 kilometrlik ərazidə isə sakinlərin evdən çıxması qadağan edilib.
Təxliyə olunan vətəndaşlar üçün xüsusi qəbul mərkəzləri yaradılıb, tibbi yardıma ehtiyacı olanlara dəstək göstərilib.
Nəzarətli partlayış həyata keçirildi
Bomba mütəxəssisləri tərəfindən saat 15:20-də nəzarətli partlayış yolu ilə zərərsizləşdirilib. Təhlükəsizlik zonası isə təxminən saat 16:00-da ləğv olunub.
Ekspertlər bildirir ki, II Dünya müharibəsindən 80 ildən çox vaxt keçməsinə baxmayaraq, Avropada bu cür partlamamış sursatlara hələ də tez-tez rast gəlinir. Xüsusilə tikinti işləri zamanı aşkar edilən bu obyektlər sıx yaşayış məntəqələrində ciddi təhlükə yaradır.
Xatırladaq ki, ötən il Gare du Nord yaxınlığında da 500 kiloqramlıq bomba tapılmış və mütəxəssislər tərəfindən zərərsizləşdirilmişdi.
Mənbə: TrtHaber
