Piylənmənin müəyyənləşdirilməsində yalnız bədən kütlə indeksinə (BKİ) əsaslanmağın yanlış nəticələrə səbəb ola biləcəyi açıqlanıb. Alimlər bel çevrəsi və bel-boy nisbətinin də nəzərə alınmasını təklif edirlər.
Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat yayıb.
London Kral Kollecinin professoru Françesko Rubinonun rəhbərlik etdiyi beynəlxalq araşdırmada Çin, Böyük Britaniya, ABŞ və İspaniyada yaşayan 844 mindən çox yetkin insanın sağlamlıq məlumatları təhlil edilib.
Nəticələrə görə, yalnız BKİ göstəricisinə əsaslanmaq artıq bədən yağına malik insanların 5,2–8,6 faizində piylənmənin nəzərdən qaçmasına, bəzi insanlarda isə yanlış diaqnoz qoyulmasına səbəb ola bilər.
Piylənmə iki qrupa ayrılır
Yeni yanaşmada piylənmə klinik və klinikəqədərki olmaqla iki qrupa bölünür. Klinik piylənmə artıq yağlanmanın orqanların fəaliyyətini pozduğu vəziyyəti ifadə edir. Klinikəqədərki mərhələdə isə artıq yağlanma sağlamlıq riski yaratsa da, orqanların fəaliyyəti hələ ciddi şəkildə pozulmur.
Araşdırmada klinikəqədərki piylənməsi olan insanların 77–91 faizinin 10 il ərzində klinik mərhələyə keçmədiyi müəyyən edilib.
Alimlərin fikrincə, yeni üsul müalicənin hər bir insanın sağlamlıq vəziyyətinə uyğun seçilməsinə, həm lazımsız müdaxilələrin, həm də gecikmiş müalicənin qarşısının alınmasına kömək edə bilər.
Mənbə: Trt.haber
