Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında proqram təminatındakı xəta səbəbindən minlərlə ABŞ vətəndaşı olmayan şəxs səhvən seçici siyahısına daxil edilib və onlardan təxminən 400-ü səsvermədə iştirak edib.
Ştatın qubernatoru Miki Şerrillin sözlərinə görə, problem 2023-cü ilin ortalarından 2024-cü ilin ortalarınadək Motorlu Nəqliyyat Komissiyası vasitəsilə sürücülük vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi üçün müraciət edən təxminən 6 min 600 nəfərə təsir göstərib. Müraciət edənlər ABŞ vətəndaşı olmadıqlarını bildirsələr də, proqram təminatındakı nasazlıq nəticəsində avtomatik olaraq seçici siyahısına əlavə olunublar.
İlkin araşdırmaya əsasən, bu şəxslərdən 400-dən azı səs verib. Rəsmilər bildiriblər ki, həmin səslər 2024-cü il seçkilərində Nyu-Cersidə verilən 4 milyondan çox səsin 0,01 faizindən də azını təşkil edib və heç bir seçkinin nəticəsinə təsir göstərməyib.
Qubernator hadisə ilə bağlı geniş araşdırma aparılması barədə göstəriş verib. Səhvən qeydiyyata alınan şəxslərin seçici siyahısından çıxarıldığı, nasazlığa səbəb olan proqram təminatı şirkətinin isə dəyişdiriləcəyi açıqlanıb. Şerrill əvvəlki ştat rəhbərliyini problemi vaxtında aşkar etmədiyinə və ictimaiyyətə açıqlamadığına görə tənqid edib.
Hadisə ABŞ-da seçki təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ağ Ev bunu federal seçkilərdə vətəndaşlığın təsdiqlənməsini nəzərdə tutan SAVE America Act qanununun qəbulunun vacibliyinə nümunə kimi göstərib. Demokratlar və seçki hüququ müdafiəçiləri isə baş verənləri sistemli saxtakarlıq deyil, inzibati və texniki səhv kimi qiymətləndiriblər.
Mənbə: Reuters
