Bugun.tv xəbər verir ki, Böyük Britaniya hökuməti İranın ABŞ-ın istifadə etdiyi Britaniya hərbi bazalarını “qanuni hədəf” adlandırmasından sonra ölkənin istənilən hücuma qarşı sutkanın 24 saatı müdafiəyə hazır olduğunu bəyan edib.
Böyük Britaniya ABŞ-a ölkədə yerləşən bazalardan müdafiə xarakterli əməliyyatlar üçün istifadə etməyə icazə versə də, İrana qarşı hücum əməliyyatlarında birbaşa iştirak etmədiyini vurğulayıb. Hökumət bu mövqeyinin dəyişmədiyini bildirib.
İran Xarici İşlər Nazirliyi Londonu ABŞ-ın hərbi əməliyyatlarında “şərik” olmaqda ittiham edib. İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ-a hərbi dəstək verən ölkələrin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bəyan edib.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ölkənin Silahlı Qüvvələri həm ölkə daxilindən, həm də xaricdən gələn istənilən təhlükəyə qarşı hazırlıqlıdır. O əlavə edib ki, hava və raketdən müdafiə sistemi NATO müttəfiqləri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Açıqlama ABŞ-ın İrana qarşı hava zərbələrinin davam etdiyi və regionda gərginliyin artdığı bir vaxtda verilib.
Mənbə: The Guardian
