Rusiya Prezidenti Vladimir Putin ölkənin üç metrdən artıq qalınlığa malik buz qatını yarmaq imkanına sahib yeni nəsil buzqıran gəmi inşa etdiyini açıqlayıb.
Bugun.tv xəbər verir ki, o, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə görüşü zamanı danışıb.
Putinin sözlərinə görə, “Lider” adlanan buzqıran gəmi dünyada analoqu olmayan texniki imkanlara malik olacaq.
“Hazırda “Lider” adlı gəmini inşa edirik. Bu gəmi misli görünməmiş qalınlıqda – üç metrdən artıq buzları yarmağa qadir olacaq. Dünyada heç bir ölkədə buna bənzər gəmi yoxdur”, – deyə Rusiya Prezidenti bildirib.
Putin həmçinin vurğulayıb ki, hazırda heç bir dövlət Rusiyanın malik olduğu buzqıran donanması ilə müqayisə oluna bilməz. Onun sözlərinə görə, bu donanma Arktika bölgəsində gəmiçiliyin və strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Rusiya uzun illərdir Arktikada nəqliyyat marşrutlarının inkişafına və buzqıran donanmasının gücləndirilməsinə xüsusi diqqət ayırır.
Mənbə: TASS
