Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin noyabrın 19-da Çinin Şençjen şəhərində ilk dəfə üçtərəfli formatda bir araya gələcəklər. Görüş beynəlxalq münasibətlərdə mühüm diplomatik hadisə kimi qiymətləndirilir.
Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” və “The Guardian” nəşrləri məlumat yayıb.
Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) noyabrın 18-19-da keçiriləcək sammiti çərçivəsində baş tutacaq. Kreml rəsmisi Yuri Uşakovun açıqlamasına görə, üç liderin görüşü Putinin Çinə səfərinin əsas tədbirlərindən biri olacaq.
Danışıqların gündəliyi ilə bağlı hələ bütün detallar açıqlanmayıb. ABŞ tərəfinin təşəbbüsü ilə nüvə silahlarının azaldılması məsələsinin müzakirəsi gözlənilir. İran ətrafındakı vəziyyət və Ukrayna müharibəsi də mümkün müzakirə mövzuları sırasında göstərilir.
Çin Xarici İşlər Nazirliyi görüşü beynəlxalq əhəmiyyətli hadisə kimi dəyərləndirsə də, analitiklər konkret nəticələrlə bağlı ehtiyatlı mövqe sərgiləyirlər. Ekspertlərin fikrincə, üç ölkənin maraqları bir sıra məsələlərdə fərqləndiyindən görüşün dərhal mühüm razılaşmalarla nəticələnməsi real görünmür.
Bununla belə, dünyanın üç nüvə dövlətinin liderlərinin eyni masa ətrafında görüşməsi beynəlxalq diplomatiya baxımından diqqətəlayiq hadisə olacaq.

Mənbə: The Guardian
