Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Moskvanın xarici siyasət və iqtisadiyyat sahəsində əsas və xüsusi tərəfdaşlarından biri olduğunu bildirib.
Putin bu fikirləri Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı səsləndirib.
Rusiya lideri Ərdoğanla uzun müddətdir görüşmədiyini və onunla yenidən bir araya gəlməkdən məmnun olduğunu deyib. Putin bildirib ki, iki ölkə arasında münasibətlər daim diqqətdə saxlanılır və hökumətlərarası komissiya fəal şəkildə fəaliyyət göstərir.
Putin Rusiya ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə qaldığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin birgə layihələri davam etdirilir. Rusiya lideri bu layihələr sırasında Akkuyu Atom Elektrik Stansiyasını xüsusi qeyd edib.
Putin bildirib ki, Türkiyə Akkuyunun ilk enerji blokunu 2026-cı ildə istifadəyə vermək məqsədi qoyub və bu hədəfin reallaşacağına əminliyini ifadə edib.
Rusiya Prezidenti mədəniyyət və humanitar sahələrdə də əməkdaşlıq imkanlarının geniş olduğunu deyib. O, Rusiyadan Türkiyəyə turist axınının artdığını bildirib. Putinin sözlərinə görə, 2025-ci ildə təxminən 7 milyon rusiyalı turist Türkiyəyə səfər edib.
Tərəflərin görüş zamanı qarşılıqlı maraq doğuran iqtisadi, siyasi və digər məsələləri müzakirə etdiyi bildirilib.
Mənbə: TRT Haber
