Dünya

Qəfləti ölüm zamanı Ürək-Ağciyər Reanimasiyasının (ÜAR) aparılması

Təcili kardio – pulmonar reanimasiya müxtəlif qəfil şəraitlərdə lazım olan, xüsusən də qan dövranının dayanması zamanı ilk yardımdır. Həyat üçün ən təhlükəli hal ürəyin qəfləti dayanmasıdır. Hadisə qəfləti baş verdiyi üçün zərərçəkənə ilk yardımı ətrafda olan insanlar göstərməlidirlər Qan dövranın dayanmasının səbələri müxtəlif hallar ola bilər – ürək xəstəlikləri, qəza halları və s..

Qan dövranının dayanması bütün orqan sistemlərinin oksigenlə təchizatının pozulmasına gətirib çıxarır və məlum olduğu kimi, bədəndəki bütün hüceyrələr oksigensiz şəraitdə sadəcə ölür. Bu səbəbdən də vaxtında, düzgün və sürətli şəkildə yardım göstərilməlidir. Hər gecikmiş saniyələr zərərçəkənin xilas edilmək şansını azaldır.

Sizin yanınızda kimsə özünü pis hiss edib, qəfləti huşunu itirərək yerə yıxılır və ya oturacaqda oturduğu halda birdən tənəffüsü məhdudlaşır, nəfəs almır və ya qeyri-normal nəfəs alırsa, boğulur, təngnəfəs olur və qıcolmalar baş verirsə – bu, ürəyin dayanmasından və ya dayanması təhlükəsindən xəbər verir.

Belə halların şahidi olsanız, necə davranacağınızı və nə edəcəyinizi bilməlisiniz, çünki insanın həyatı sizin əlinizdədir!

Bunun üçün DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığına riayət etmək lazımdır.

DRCABD – həyat fəaliyyətini təmin edən əsas tədbirlər alqoritmidir.

Danger – Diqqət, Təhlükə! (təhlükəsizliyi qiymətləndirmək)

Responsiveness – Həssalıq (qıcıqlara cavab reaksiyasını, huşun olub-olmadığını yoxlamaq)

Circulation – Canlandırma (döş qəfəsinin kompressiyası – ürəyin qapalı masajını aparmaq və qanaxmanı dayandırmaq)

Airway – Açıq tənəffüs yolları (tənəffüs yollarının keçiriciliyini bərpa etmək)

Breathing – Birbaşa nəfəs vermək (ağciyərlərin süni ventilyasiyasını aparmaq)

Defibrillation – Defibrilyasiya (defibrilyatorla elektrik cərəyanı (elektroşok) verib, ürəyin fəaliyyətini bərpa etmək)

DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.

Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.

1. Təhlükənin olub-olmadığını müəyyən edin

Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında birinci “D” mərhələsi – Diqqət təhlükə (Danger!) – Təhlükəsizliyin qiymətləndirilməsidir.Xilasetmə əməliyyatlarını həyata keçirərkən ən vacibi xilasedicinin ikinci qurbana çevrilməməsidir. Xəstələrə və zərərçəkənlərə ilk yardım göstərən insan (bundan sonra – xilasedici) özü də təhlükəyə məruz qala bilər. Təhlükə riski xilasedicini hər an izləyir. Buna görə də yardım göstərməzdən əvvəl hadisənin şahidi olub-olmamağınızdan asılı olmayaraq, öz təhlükəsizliyinizi, sonra isə zərərçəkənin təhlükəsizliyini təmin edin. Hadisənin şahidi olduqda belə, tələsmədən öz təhlükəsizliyinizə (elektrik xətti, zəhərləyici maddə, ilan, əqrəb və s. ola bilər) əmin olduqdan sonra yardım göstərin.

2. Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin

Zərərçəkənin çiyinlərindən silkələyib, “Sizə nə olub?” – soruşmaqla eyni zamanda tənəffüsün normal/qeyri-normal olduğunu dəyərləndirin. Zərərçəkənin tənəffüsündə hansısa bir problem olarsa, ləngimədən onun yuxu və ya bud arteriyasında nəbzin olub-olmadığını müəyyən edin. Hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi, qıcıqlara cavab reaksiyasının yoxlanılması, tənəffüsün dəyərləndirilməsi və nəbzin olub-olmadığının müəyyən edilməsi maksimum 10 saniyəyə tamamlanmalıdır.

3. Canlandırma – döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı)

– Döş qəfəsinin mərkəzinə (döş sümüyünün aşağı hissəsinə) iki əllə fasiləsiz rejimdə sərt və tez-tez –dəqiqədə 100–120 arası tezliklə sıxmağa başlayın.

– Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (böyüklərdə 5 sm-dən artıq, 6 sm-dən çox olmamaq şərti ilə) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin.

Döş qəfəsinin sıxılma ritmi “ƏSGƏR” sözünün dəfələrlə təkrarına uyğundur.

Üç dəfə döş qəfəsini sıxaraq “ƏSGƏR” sözünü təkrarlayıb, ritmi tutun və sayla 4, 5, 6 … davam edin.

30 kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs verin.

– Döş qəfəsi kompressiyalarını yerinə yetirərkən hər 30 kompressiya arasındakı fasilə 10 saniyədən artıq olmamalıdır.

4. Açıq tənəffüs yolları – tənəffüs yollarının keçiriciliyinin bərpası

Dil ilə tutulan tənəffüs yolu iki üsulla açılır:

» “bаş аrхаyа, alt çənə irəli” – bаşı аrхаyа əyib, alt çənəni irəli çəkmək (əsas üsul);

» “alt çənə irəli” – başı arxaya əyməyib, alt çənəni irəli çəkmək.

5. Birbaşa nəfəsvermə – ağciyərlərin süni ventilyasiyası

Hər 30 kompressiya etdikdən sonra, mümkündürsə, zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verin. Hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır. Döş qəfəsinin qalxmasını izləyin və artıq havalandırmaya yol verməyin.

6. Defibrilyasiya – defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası

Defibrilyator əldə edilibsə, onu əlçatan yerə qoyun və döş qəfəsinin kompressiyasını başladıqdan dərhal sonra tez bir zamanda defibrilyatoru işə salın. Çalışın defibrilyatoru işə salıb yastıqcıqları zərərçəkənin çılpaq sinəsinə bərkitməyə 30 saniyədən artıq vaxt sərf edilməsin.

– Hər bir elektroşokdan qabaq və dərhal sonra döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə ÜAR-ı təcili yenidən başlamaq lazımdır. Nəbzi və ritmi yoxlamağa vaxt sərf etməyin.

– ÜAR zamanı defibrilyatoru söndürməyin, elektroşok vermək yenə də lazım ola bilər.

– Əlləri döş qəfəsindən götürən kimi 8 saniyə müddətində defibrilyatorla analiz edib elektroşok verin.

– Döş qəfəsinin kompressiyası əsas olmaqla, ürək-ağciyər reanimasiyasını (ÜAR) davam etdirin. Sonra yenə defibrilyatoru işə salıb, defibrilyatorun göstərişlərinə əməl edin.

– Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edildikdə və tənəffüsü bərpa olunduqda, ona sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verin.

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna və Rusiya arasında əsir mübadiləsi

Aynur Camal

Hyundai ABŞ-da 226 mindən çox avtomobili geri çağırıb

Aynur Camal

İsrail yanır! İşğal edilmiş Qüds və Təl-Əviv alov içində: Beynəlxalq yardım çağırışı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu