Qadınların kişilərə nisbətən daha uzun ömür sürməsi ilə bağlı aparılan elmi araşdırmalar bu fərqin əsas səbəblərini üzə çıxarıb.
Xarici mənbələrdə yayımlanan məlumatlara görə, bu tendensiya demək olar ki, bütün ölkələrdə müşahidə olunur və təkcə sosial deyil, həm də bioloji amillərlə izah edilir. Mütəxəssislər bildirir ki, qadınların genetik quruluşu – xüsusilə iki X xromosomuna sahib olmaları – onların daha uzun yaşamasına təsir edən əsas faktorlardan biridir.
Bundan əlavə, hormonlar da mühüm rol oynayır. Qadınlarda olan estrogen hormonu immun sistemini gücləndirir və hüceyrələri zədələnmədən qoruyur. Kişilərdə üstünlük təşkil edən testosteron isə bəzi hallarda immun reaksiyaları zəiflədə bilir.
Ekspertlər həyat tərzinin də bu fərqdə mühüm yer tutduğunu qeyd edir. Qadınlar adətən daha az zərərli vərdişlərə malik olur, sağlamlıqlarına daha çox diqqət yetirir və tibbi müayinələrdən daha tez-tez keçir.
Bununla yanaşı, kişilərin riskli davranışlara daha çox meylli olması, həmçinin zorakılıq və qəza hallarında daha çox həyatını itirməsi də orta ömür müddətinə təsir edən amillər sırasındadır.
Alimlər hesab edir ki, qadınların daha uzun yaşaması bir neçə faktorun – genetika, hormonlar və həyat tərzinin – birgə təsiri ilə formalaşır.
Mənbə: mail.ru
