Türkiyənin şimalındakı Kastamonu vilayətində yerləşən Kahintepe arxeoloji məkanı tikintisi nəzərdə tutulan su anbarı səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşib. Təxminən minilliklər əvvələ aid bu ərazi qədim insanların inancları, sənətkarlığı və mərasimləri haqqında mühüm məlumatlar saxlayır.
Bugun.tv xəbər verir ki, Kastamonu Universitetinin tədqiqatçısı Hikmət Haberal arxeoloji qazıntıların yenidən başlanmasına və tarixi məkanın su altında qalmasının qarşısını ala biləcək layihələrin hazırlanmasına çağırıb.
Kahintepedə aparılan qazıntılar zamanı ayı, öküz, çöl donuzu, ceyran, ilan və müxtəlif quşların daş təsvirləri aşkarlanıb. Tapıntılar arasında ilan dərisini xatırladan serpantindən hazırlanmış göz formalı əşyalar, T hərfinə bənzər daş fiqurlar və mərasimlərdə istifadə edildiyi ehtimal olunan predmetlər də var.
Araşdırmalar 2018-ci ildə başlayıb. Ərazidə saxsı qabların meydana çıxmasından əvvəlki Neolit dövrünə və Erkən Tunc dövrünün son mərhələsinə aid izlər müəyyən edilib.
Niyə “Qara dənizin Göbəklitəpəsi” adlandırılır?
Kahintepedə tapılan heyvan təsvirləri, T formalı daş elementlər və memarlıq qalıqları Türkiyənin məşhur Göbəklitəpə arxeoloji kompleksi ilə oxşarlıqlar göstərir. Bununla belə, alimlər bu oxşarlıqların qədim icmalar arasında birbaşa əlaqənin sübutu olmadığını bildirirlər.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, məkan su altında qalarsa, yalnız daş əşyalar deyil, onların yerləşdiyi tarixi və arxeoloji mühit də itirilə bilər.
Mənbə: Arkeonews
