Hamımız bunu etməyi sevirik. Ancaq otaqda yeganə işıq mənbəyi televizor olduqda, bu, gözlər üçün təhlükəlidirmi?
Televizor qaranlıq otaqda izlənilərkən gözlər ekrandakı sürətli işıq dəyişikliklərinə uyğunlaşmaq üçün daha çox çalışmalı olur. Buna görə də zəif işıqlandırılmış yataq otağında televizora baxmaq ideal vərdiş hesab edilmir. Bəs bunun göz sağlamlığına real təsiri nə qədərdir?
Tədqiqatlar nə deyir?
2006-cı ildə ABŞ-ın ən böyük universitet işıqlandırma tədqiqat mərkəzlərindən biri olan Lighting Research Center bu məsələni araşdırıb. Alimlər ekranın parlaqlığı ilə otağın ümumi işıq səviyyəsi arasındakı fərqin azaldılmasının göz yorğunluğunu və gərginliyini aşağı salıb-salmadığını yoxlayıblar.
Tədqiqatın aparıcı mütəxəssislərindən Con Bullou bildirib ki, insan uzun müddət zəif işıqda və ya çox parlaq mühitdə müəyyən obyektə baxdıqda göz yorğunluğu yarana bilər. Onun sözlərinə görə, qaranlıq otaqda televizora baxmaq zamanı narahatlığın əsas səbəblərindən biri ekranla qaranlıq fon arasındakı böyük parlaqlıq fərqidir.
Araşdırma necə aparılıb?
İştirakçılar düz ekranlı televizorda bir saatlıq döyüş filmi izləyiblər. Onların bir hissəsi əvvəl divara yönəldilmiş əlavə işıqlandırma olan otaqda filmə baxıb, fasilədən sonra isə eyni filmi əlavə işıq olmadan izləyib. Digər qrup isə prosesi əks ardıcıllıqla həyata keçirib.
Filmdən əvvəl və sonra iştirakçılara vizual tapşırıqlar verilib. Alimlər onların düyməyə reaksiya vermə sürətini, beyin fəaliyyətindəki dəyişiklikləri və göz qırpma tezliyini izləyiblər. Həmçinin iştirakçıların özlərini necə hiss etdikləri də qiymətləndirilib.
Nəticə nə olub?
Araşdırma göstərib ki, otaqda əlavə işıqlandırmanın olması gözlərdə narahatlığı, yorğunluğu və gərginliyi azaltmağa, həmçinin göz qırpma tezliyindəki dəyişiklikləri azaltmağa kömək edib.
Bununla belə, alimlər qaranlıq otaqda televizora baxmağın gözlərə ciddi və qalıcı zərər verdiyini müəyyən etməyiblər. Təsir daha çox müvəqqəti göz yorğunluğu və narahatlıq şəklində özünü göstərib.
Tədqiqatçılar hesab edirlər ki, ekranın parlaqlığı ilə ətraf mühitin işıq səviyyəsi arasındakı kəskin fərqi azaltmaq gözlər üçün daha rahatdır.
Qaranlıqda televizora baxmaq həqiqətən zərərlidirmi?
Hazırda televizora qaranlıqda baxmağın göz sağlamlığına qalıcı şəkildə zərər verdiyini göstərən tibbi sübut yoxdur. Lakin belə vəziyyət göz yorğunluğuna, narahatlığa və bəzi insanlarda baş ağrısına səbəb ola bilər.
Bu səbəbdən televizora, kompüterə, noutbuka və ya telefona baxarkən otağın tam qaranlıq olmaması və yumşaq ətraf işığından istifadə edilməsi daha məqsədəuyğundur.
Mənbə: mail.ru
