Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini noyabrın 20-də elan edəcək. Müsabiqələrdə iştirak etmək istəyən QHT-lər üçün layihə təkliflərinin təqdim olunmasının son tarixi dekabrın 20-si müəyyən edilib.
Bu barədə Agentliyin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva məlumat verib.
Onun sözlərinə görə, builki müsabiqələrdə layihələrin innovativliyi, mövcud problemlərə yeni və ya daha təkmil həll yolları təklif etməsi, tərəfdaşlarla, sahəvi qurumlarla və sosial media ilə əməkdaşlıq imkanları xüsusi diqqətdə saxlanılacaq.
Bundan əlavə, layihələrin müvafiq sahələr üzrə strateji dövlət sənədlərində, o cümlədən proqramlarda, yol xəritələrində və konsepsiyalarda müəyyən edilmiş hədəflərə töhfəsi konkret və ölçüləbilən nəticələrlə əsaslandırılmalıdır.
Qrant məbləğləri və layihələrin icra müddəti
2027-ci il üzrə müsabiqələrdə nəzərdə tutulan qrant məbləğlərinin yuxarı həddi və layihələrin icra müddəti belə müəyyənləşdirilib:
- Kiçik qrant müsabiqəsi – 30 000 manatadək, icra müddəti 6 ayadək;
- Böyük qrant müsabiqəsi – 70 000 manatadək, icra müddəti 9 ayadək.
Müsabiqələr hansı istiqamətləri əhatə edəcək?
Ülviyyə Qarayeva bildirib ki, bəzi mövzular Agentliyin müxtəlif dövlət qurumları ilə birgə, “bir pəncərə” prinsipi əsasında keçirdiyi qrant müsabiqələrində yer aldığından, Agentliyin müstəqil elan edəcəyi müsabiqələrin mövzuları bir neçə əsas sahəni əhatə edəcək.
Bunlara Azərbaycançılıq, QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı, regionlarda aqrar sahədə təşəbbüslər, ailə institutunun möhkəmləndirilməsi, sağlam və təhlükəsiz cəmiyyətin təşviqi, həmçinin beynəlxalq əhəmiyyətli təşəbbüslər üçün sərbəst istiqamət daxildir.
Layihələr yalnız elektron qaydada qəbul ediləcək
Müsabiqələrdə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları layihə təkliflərini Agentliyin elektron xidmətlər portalında yerləşdiriləcək xüsusi bölmə vasitəsilə təqdim edə biləcəklər.
Müvafiq bölmə 20 noyabr 2026-cı il tarixindən 20 dekabr 2026-cı il tarixinədək elektron xidmətlər portalının “e-ərizə” bölməsində aktiv olacaq.
Bildirilib ki, şəxsən, poçt və ya elektron poçt vasitəsilə göndərilən layihə təklifləri və onlara dair sənədlər qəbul edilməyəcək.
Beləliklə, 2027-ci il üzrə qrant müsabiqələrində iştirak etmək istəyən QHT-lər layihə təkliflərini müəyyən edilmiş müddətdə yalnız elektron qaydada təqdim etməlidirlər.
